Müdafiə naziri ABŞ-ın Azərbaycandakı səfirini qəbul edib

Müdafiə naziri ABŞ-ın Azərbaycandakı səfirini qəbul edib Görüşdə regional və ikitərəfli əməkdaşlıqla bağlı məsələlər də müzakirə olunub
Xarici siyasət
5 Mart , 2015 18:46
Müdafiə naziri ABŞ-ın Azərbaycandakı səfirini qəbul edib

Bakı. 5 mart. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfiri yeni təyinatı ilə əlaqədar təbrik edən Z.Həsənov Azərbaycanla ABŞ arasında ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunaraq, bu sahədə əldə edilmiş müsbət nəticələrə və həllini gözləyən məsələlərə dair qonaqla fikir mübadiləsi aparıb.

Müdafiə naziri iki ölkə arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətləri, o cümlədən hərbi sahəni də əhatə etdiyini və bu əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini xüsusi vurğulayıb.

Hərbi-siyasi vəziyyətə toxunan Z.Həsənov Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Böyük sülh sazişi ilə bağlı çağırışın edilməsinə baxmayaraq, sülh prosesinin yubanmasını və danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

Səfir R.Sekuta isə öz növbəsində regiondakı vəziyyətə müsbət təsir göstərə biləcək sülhün bərqərar olması üçün ABŞ-ın səylərinə və əlaqələrin genişlənməsi təşəbbüslərinə toxunaraq, həmsədrlər tərəfindən irəli sürülən Böyük sülh sazişi ideyasının müsbət qarşılandığını bildirib.

Görüşdə regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi