Bakı. 6 dekabr. REPORT.AZ/ "Azərbaycanın qərəzli təftişçiləri qismində çıxış edən dövlətlərin müəyyən sahələrdə əldə etməyə müvəffəq olmadığı nailiyyətlər var ki, ölkəmiz onların artıq uğurlu modelini yaradıb. Məsələn, multikulturalizm və tolerantlıq sahəsində ABŞ başda olmaqla Qərb dünyası Azərbaycandan çox şeyi öyrənməlidir və ölkələrində bu sahədə mövcud olan neqativ halların həllində istifadə etməlidir". "Report"un xəbərinə görə, bu fikirlər Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlının "Azərbaycan" qəzetində çap edilmiş "Dövləti idarə etmək məharəti" adlı məqaləsində yer alıb.
Məqalədə daha sonra deyilir: "Bütün dinlərin təmsilçilərinin azad şəraitdə etiqadı üçün ən mükəmməl təminatın yaradılması, fərqli xalqların, mədəniyyətlərin öz mənəvi dəyərlərini yaşatmaları və təbliği üçün hər cür imkanların formalaşdırılması, respublikamızda heç bir vətəndaşın öz dini və milli mənsubiyyətinə görə təqib edilməməsi, əksinə, onun bütün hüquqlarının tam qorunması Azərbaycan xalqının və dövlətinin malik olduğu bəşəri dəyərlərin ucalığının göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Azərbaycanda bütün xalqlar dostluq, mehribanlıq şəraitində, bir ailə kimi yaşayır. Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb və bu, bizim böyük sərvətimizdir... Multikulturalizm Azərbaycanda həyat tərzidir..."
Təəssüf ki, artıq bütün dünyanı ağuşuna alan dini zəmində düşmənçilik dalğası da məhz yuxarıda geniş şəkildə danışdığımız yeni dünya düzəninin ikili standartlarının təzahürləri, birqütblü dünyaya transformasiyanın süni şəkildə ortaya atdığı avantüradır. Açıq etiraf etməliyik, Qərbin məlum dairələrinin "Böyük Orta Şərq layihəsi" deyilən planında radikal islamçı qrupları səhnəyə daha qabarıq çıxarmaq niyyəti aydın görünür. Onların hərbi hazırlığı, silahlandırılması, maliyyələşməsi və istiqamətləndirilməsi prosesində Qərb emissarlarının birbaşa iştirak etməsi barədə yüzlərlə fakt var".
M.Qurbanlı qeyd edib ki, dünyadakı mövcud münaqişə ocaqları içərisində hazırda yalnız 12-si dini zəmində baş verən savaşlardır: "Maraqlı məqam odur ki, həmin münaqişələr konfessiyalar arasında deyil, məhz islam dünyası daxilində baş verir, təriqətlərarası savaşa çevrilir. Qərbin bu son intriqası nəticəsində "Allahu əkbər" sədası ilə müsəlman müsəlmanı qətlə yetirir. Sünni şiənin məscidini partladır, şiə də sünnilərə eyni cavabı verir, vəhabilər isə hər ikisinin kəndlərini dağıdır. Yəni, bu təriqətlər məhz içlərinə salınmış şeytanın şərinə uyub, məlum şəbəkənin tələsinə düşür və bir-birlərinin qəniminə çevrilirlər. Beləliklə də, yüz minlərlə müsəlman öldürülür, əlil olur, milyonlarla müsəlman isə öz yurdundan didərgin düşür. Və ən dəhşətli məqam odur ki, bu münaqişələrdə qalib gələn heç vaxt nə islam, nə də hansısa təriqətdir, qalib islamı düşmən kimi görənlər və bu təxribatı həyata keçirən şəbəkədir! Acı gerçəklik odur ki, Xaç yürüşləri bu gün də davam edir, amma onu XXI əsrdə müsəlmanı müsəlmana qırdırmaqla həyata keçirirlər!
Bu prosesdə Qərbin strateji mərkəzləri, necə deyərlər, "bir güllə ilə iki dovşan" vururlar. Bir tərəfdən islam dini dünya ictimai rəyində gözdən salınır, digər tərəfdən "idarə olunan xaos" yolu ilə məqsədə nail olunur - ərəb dünyası, Yaxın Şərq qan çanağına çevrilir. Onsuz da ölənlər onlar üçün yadlardır - üzülməyə dəyməz, dağılanlar isə sonradan Qərb şirkətlərinə veriləcək vəsaitlə bərpa olunacaq. Amma ən böyük mənfəət Şimali Afrikadan Cənubi-Şərqi Asiyayadək böyük coğrafi arealın bütün təbii sərvətləri və insan resursları ilə Qərb dünyasının nəzarətinə keçməsidir".