Yuxarı

​MSK sədri:"Bu gün başqa ölkələrin daxili işlərinə müdaxilə etmək üçün hərbi güc deyil, daha çox seçki prosesinin tənqid edilməsindən istifadə edilir"

Məzahir Pənahov gəncləri Milli Məclisə keçiriləcək seçkilərdə fəal olmağa çağırıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Bu gün başqa ölkələrin daxili işlərinə müdaxilə etmək üçün hərbi güc deyil, daha çox beşinci kolon və seçki prosesinin tənqid edilməsindən istifadə edilir".

"Report" xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov ölkənin gənclər təşkilatlarının nümayəndələri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, müəyyən qüvvələr bəzi seçicilərin narazılığından istifadə etməyə çalışırlar. "Biz sayıq olmalıyıq və ölkədə müəyyən şəxslərin xarici qüvvələrin təsiri altına düşməsinə imkan verməməliyik, həmçinin, onların xarici dairələrin maraqlarını təmin edən bir vasitəyə çevrilməsinin qarşısını almalıyıq", - M. Pənahov bildirib.

MSK sədri deyib ki, xaricdə təhsil alan azərbaycanlı gənclərdə də ayıq-sayıq olmalıdırlar. "Ölkənin gələcəyi və suverenliyi yeni nəsilin necə formalaşmasından asılıdır. Xarici qüvvələr tez-tez xalqların tarixində yaranan çətin dövrlərdən istifadə edir, gənc nəslə təsir göstərməyə çalışır və ölkənin daxili işlərinə qarışmağa cəhdlər edirlər", - MSK sədri qeyd edib.

"Seçkilər hər bir ölkənin həyatında mühüm hadisədir. Sevindirici haldır ki, hazırda ölkə seçicilərin böyük bir hissəsini müasir Azərbaycanda yetişmiş gənclər təşkil edir", - MSK rəhbəri vurğulayıb. O, gəncləri Milli Məclisə keçiriləcək seçkilərdə fəal olmağa çağırıb.

M.Pənahovun sözlərinə görə, bu il Azərbaycanda ilk dəfə səsvermə hüququnu 63 555 seçici qazanıb və səsvermə günü 18 yaşı tamam olacaq 257 vətəndaş da həmçinin seçkilərdə iştirak etmək imkanı əldə edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi