Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilib - YENİLƏNİB

Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilib - YENİLƏNİB İclasda Azərbaycan nümayəndə heyətinə Baş Nazir Əli Əsədov başçılıq edir
Xarici siyasət
217
25 Oktyabr , 2019 13:50
Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilib - YENİLƏNİB

Oktyabrın 25-də Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilib. 

"Report"un Rusiya bürosu xəbər verir ki, iclasda Azərbaycanın Baş Naziri Əli Əsədov iştirak edib. 

“Skolkovo” Texnoparkında keçirilən iclasda MDB hökumət başçıları iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin aktual məsələlərini müzakirə ediblər. 

Görüş iştirakçıları cəmiyyətin rəqəmsal inkişafı sahəsində əməkdaşlıq konsepsiyasını və onun həyata keçirilməsinə dair əsas tədbirlər planını qəbul ediblər. Konsepsiya və plan MDB dövlərlərində iqtisadiyyatın rəqabətqabiliyyətliyinin, ölkələrin iqtisadi inkişafının, əhalinin rifah halının və həyat keyfiyyətinin artırlmasında başlıca rol oynayan rəqəmsal inkişaf üçün lazımi şəraitin yaradılmasına imkan verəcək. 

İclasda MDB ölkələrinin İnformasiya Təhlükəsizliyinin təmin edilməsi Strategiyası haqqında qərar da qəbul edilib. Strategiya siyasi, iqtisadi, elmi-texniki, sosial, hərbi, ekoloji sahələrdə mövcud təhdidlər şəraitində MDB ölkələrinin informasiya təhlükəsizliyi istiqamətində əməkdaşlığın səmərəliliyinin artırılmasına, səylərin birləşdirilməsinə yönəldilib. Sənəddə informasiya təhlükəsizliyi sahəsində birgə razılaşdırılmış tədbirlərin keçirilməsinə, o cümlədən təhlükəsiz və sabit İnternetin təmin olunması, beynəlxalq informasiya mübadiləsi, informasiya texnologiyalarından terror məqsədi ilə istifadə olunmasının qarşısının alınması və digər sahələrdə qarşılıqlı fəaliyyətin səmərəliliyi əksini tapıb. 

MDB hökumət başçıları MDB antiinhisar orqanlarının fəaliyyətinin əsas istiqamətləri, 2019-2024-cü illərdə radionaviqasiyanın inkişafı, 1979-1989-cu illər Əfqanıstan müharibəsində itkin düşmüş hərbçilərin axtarışı, MDB ölkələrinin Oyunları və bir çox digər saziş və qərarlar imzalayıblar.

***12:21

Bu gün Moskvada MDB Hökumət Başçıları Şurasının iclası işə başlayıb.

"Report"un Rusiya bürosunun məlumatına görə, iclasda Azərbaycan nümayəndə heyətinə Baş Nazir Əli Əsədov başçılıq edir.

İclasda MDB hökumət başçıları iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətlə bağlı 20-yə yaxın aktual məsələni müzakirə edəcəklər. İclas iştirakçıları əvvəlcə məhdud tərkibdə, sonra isə geniş tərkibdə görüşəcəklər. İclasın sonunda qəbul edilən sənədlərin imzalama mərasimi keçiriləcək.

Görüşün gündəliyinə cəmiyyətin rəqəmsal inkişafı sahəsində əməkdaşlıq konsepsiyası və onun həyata keçirilməsinə dair əsas tədbirlər planını, MDB ölkələrinin informasiya təhlükəsizliyinin təmin edilməsi, anti-inhisar orqanlarının fəaliyyətinin əsas istiqamətləri, 2019-2024-cü illərdə radionaviqasiyanın inkişafı, 1979-1989-cu illər Əfqanıstan müharibəsində itkin düşmüş hərbçilərin axtarışı, quş qriplərinin profilaktikasına dair birgə tədbirlər, MDB ölkələrinin İdman Oyunlarının təsis edilməsi, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə və bir çox digər məsələlər daxil edilib.

Son xəbərlər

Orphus sistemi