Moskvada 20 Yanvar faciəsinin qurbanları anılıb

Moskvada 20 Yanvar faciəsinin qurbanları anılıb Səfir: "Azərbaycan xalqı 1990-cı il yanvarın 20-də baş vermiş faciəni heç vaxt unutmayacaq"
Xarici siyasət
19 Yanvar , 2018 17:15
Moskvada 20 Yanvar faciəsinin qurbanları anılıb

Moskva. 19 yanvar. REPORT.AZ/ "Azərbaycan xalqı 1990-cı il yanvarın 20-də baş vermiş faciəni heç vaxt unutmayacaq".

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Qanlı Yanvar" hadisələrinin 28-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Səfir SSRİ-nin dağılması prosesinin məhz elə 1990-cı ilin yanvar hadisələrindən, hökumətin dövlətin öz vətəndaşlarının üzərinə tank sürdürməsindən sonra başladığını qeyd edib: "O zaman millət milli qürurun qalib gəlməsi istəyi ilə birləşmişdi. Azərbaycanlıların partiya biletlərini kisələrdə gətirib küçənin ortasında yandırdıqlarını yaxşı xatırlayıram".

O həmçinin Azərbaycan səfirliyinin binasının əbədi olaraq bu faciə ilə əlaqəli olduğunu xatırladıb: "1990-cı il yanvarın 21-də Heydər Əliyev bu binaya gələrək törədilən hadisənin cinayət olduğunu deməkdən çəkinməyib. Bu, həmin bədxah addıma ilk siyasi qiymət idi. Ölkənin bütün ideoloji sistemini ittiham etmək böyük cəsarət tələb edirdi".

Onun fikrincə, Azərbaycan xalqı var olduqca həmişə şəhidlərini xatırlayacaq: "Azərbaycan bu gün dünyanın hesablaşdığı suveren dövlətdir. Bu, Azərbaycan xalqına qarşı əl qaldırmağa cəsarət edən təcavüzkarlara ən yaxşı cavabdır".

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfirliyinə gələn Azərbaycan diasporunun üzvləri, Moskva ziyalılarının nümayəndələri və Rusiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşları ümummilli lideri Heydər Əliyevin səfirlikdəki barelyefinin və faciə qurbanlarının siyahısı yazılmış stendin önünə tər çiçəklər düzüblər.

Yanvar şəhidlərinin ruhuna ehsan verilib.

Son xəbərlər

Orphus sistemi