Yuxarı

Monako Şahzadəsi II Albert Azərbaycana gəlib

Şahzadə II Albert ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək

Bakı. 12 İyun. REPORT.AZ/ Monako Knyazlığının Şahzadəsi II Albert ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Azərbaycana gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Şahzadə II Alberti Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş və voleybol daxildir.
Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə birgə şəkildə Oyunları təşkil və idarə edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi