Moldovanın “TV7” telekanalı Azərbaycandan üzr istəyib

Moldovanın “TV7” telekanalı Azərbaycandan üzr istəyib Hikmət Hacıyev: "Youtube"da yerləşdirilmiş video yalandan Moldova televiziyasında efirə getmiş veriliş kimi təqdim edilib"
Xarici siyasət
14 İyun , 2016 17:25
Moldovanın “TV7” telekanalı Azərbaycandan üzr istəyib

Bakı. 14 iyun. REPORT.AZ/ Moldovanın “TV7” telekanalı Azərbaycan xalqından üzr istəyib. 

Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. 

Onun sözlərinə görə, Ermənistan kütləvi informasiya vasitələrində Moldovanın “TV7” telekanalının çəkiliş qrupunun Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər etməsi və oradan reportaj hazırlanması barədə xəbər verilmişdi (https://www.youtube.com/watch?v=ChOSWFbON9w&feature=youtu.be): 

"Azərbaycanın Moldovadakı səfirliyi məsələni nəzarətə götürüb və Moldovanın “TV7” telekanalının rəhbərliyinə müraciət edərək faktı araşdırıb. Moldovanın “TV7” telekanalının rəhbərliyi Azərbaycanın Moldovadakı səfirliyinə məktubla müraciət edərək, yaranmış vəziyyətə görə üzrxahlığını ifadə edib. Belə ki, kanalın rəhbərliyi hazırlanmış reportajın “TV7” telekanalında efirə getmədiyini bildirərək, müvəqqəti olaraq daxili istifadə üçün yalnız videohostinq-də yerləşdirildiyini bildirib. Münaqişəyə münasibətdə müəllifin baxışı ilə kanalın redaksiya siyasəti arasında uyğunsuzluğu əsas götürərək, yekunda kanalın redaksiyası bu verilişi efirə verməkdən qəti imtina edib".

H.Hacıyev deyib ki, məktubda həmçinin hazırki süjetin müəllifi və artıq “TV7” telekanalından xaric edilmiş Lyuba Maksim kənar şəxslər üçün qapalı olan videolinki onun işğal olunmuş Azərbaycan ərazilərinə səfərini təşkil etmiş Brüsseldə yerləşən “European Friends of Armenia” erməni lobbi və diaspora təşkilatina göndərdiyi qeyd olunub: "Kanal rəhbərliyi məktubunda keçmiş əməkdaşın qeyri-dürüst əməllərinə görə özünü zərər çəkmiş tərəf hesab etdiyini bildirib və bir daha ən səmimi üzrxahlığını ifadə edib".

Hikmət Hacıyev əlavə edib ki, “European Friends of Armenia” təşkilatı Ermənistan KİV-lə birlikdə "Youtube"da yerləşdirilmiş bu videonu yalandan Moldova televiziyasında efirə getmiş veriliş kimi təqdim etməyə çalışıb: "Amma aparılmış araşdırma və kanalın rəhbərliyinin müdaxiləsi nəticəsində bu yalan ifşa olunub. Video "Youtube" videohostinqindən də silinib".  

Son xəbərlər

Orphus sistemi