Yuxarı
    Bağlamaq

    Moldovanın Milli Antikorrupsiya Mərkəzinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

    Zakir Qaralov Vadim Kojokarunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

    Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan və Moldova prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müsbət iş təcrübəsinin öyrənilməsi, səmərəli və müasir xidmət modeli olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədi ilə Moldova Respublikasının Milli Antikorrupsiya Mərkəzinin rəis müavini Vadim Kojokarunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfərə gəlib.

    Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dekabrın 19-da nümayəndə heyəti Fəxri xiyabana gedərək Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

    Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülüb. Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzüb, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoyublar.

    Daha sonra Baş Prokurorluqda nümayəndə heyəti ilə görüş keçirilib. Baş prokuror Zakir Qaralov Prezident  İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin qarşıda duran digər vəzifələr barədə ətraflı məlumat verib.

    Bildirilib ki, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı kəsərli mübarizə tədbirlərinin təşkili və həyata keçirilməsində prokurorluq orqanlarının, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qarşısına mühüm vəzifələr qoyulub. Bu sosial bəlaya qarşı mübarizə sahəsində görülən institusional tədbirlər çərçivəsində vətəndaş məmnunluğuna yönələn şəffaf və elektron xidmətlərin geniş tətbiq olunduğu, eyni zamanda Avropa İttifaqı, Avropa Parlamenti, eləcə də digər beynəlxalq təşkilatlara üzv olan ölkələr tərəfindən fəaliyyəti yüksək qiymətləndirilən “ASAN xidmət”in mütərəqqi təcrübəsi təqdirəlayiq hal kimi xüsusi vurğulanıb.

    Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

    Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan guşə və eksponatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırlanan stend qonaqlarda xüsusi təəssürat oyadıb.

    Səfər çərçivəsində qonaqlar milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında normativ-hüquqi aktlarla zəngin və digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilən kitabxana, müasir proqram təminatı ilə təchiz edilən 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olublar.

    Moldova nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi