Moldovanın dövlət başçısı və İsrailin Akko şəhərinin meri Azərbaycan Prezidentinə başsağlığı veriblər

Moldovanın dövlət başçısı və İsrailin Akko şəhərinin meri Azərbaycan Prezidentinə başsağlığı veriblər "Bu çətin sınaq anlarında Sizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm"
Xarici siyasət
22 May , 2015 14:15
Moldovanın dövlət başçısı və İsrailin Akko şəhərinin meri Azərbaycan Prezidentinə başsağlığı veriblər

Bakı. 22 may. REPORT.AZ/ Moldovanın dövlət başçısı Nikolaye Timofti Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib. "Report" xəbər verir ki, N.Timofti Bakı şəhərində yaşayış binasında insan tələfatı və xəsarətlə nəticələnən güclü yanğın barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib: "Bu çətin sınaq anlarında Sizə və həlak olanların ailələrinə Moldova Respublikası xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm".

İsrailin Akko şəhərinin meri doktor Şimon Lankri də Azərbaycan Prezidentinə başsağlığı məktubu göndərib. Məktubda deyilir: "Azərbaycanın paytaxtı Bakıda yaşayış binasında yanğın nəticəsində baş vermiş faciə ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm.

Bu hadisə zamanı çoxlu sayda insanın dəhşətli alovun qurbanına çevrildiyi, nəticədə 15 nəfərin, o cümlədən uşaqların həlak olduğu, onlarca adamın isə ağır xəsarət aldığı faciə barədə xəbər məni dərindən sarsıtdı.

Həlak olanların ailələrinin, bütün Azərbaycan xalqının kədərinə İsrail Dövləti və xalqı adından şərik olduğumuzu bildirir, yaralılara tezliklə sağalmağı arzu edirik. Azərbaycan xalqı üçün bu kədərli və ağır məqamda Sizə və xalqınıza İsrail Dövləti, xalqı, Akko şəhərinin meriyası və çoxsaylı azərbaycanlı icması adından, habelə öz ailəm adından dərin hüznlə başsağlığı verir, həlak olanların ailələrinin və yaxınlarının dərdinə şərik olduğumuzu bildirirəm.

Bir neçə ay bundan əvvəl başçılıq etdiyim İsrail nümayəndə heyəti ilə birlikdə Azərbaycanda səfərdə olmuşam. Gözəl Azərbaycan xalqının mehribanlığını, qonaqpərvərliyini və tolerantlığını hiss etmişəm. Buna görə də bu dəhşətli faciəni şəxsi kədərim və itkim kimi qəbul etdim. Bu ağır günlərdə biz Azərbaycan xalqı ilə birlikdə kədərlənirik.

Bu gün İsrail Dövləti və Akko şəhərinin meriyası Azərbaycan və Azərbaycan xalqı ilə bir yerdədir.

Azərbaycan, başın sağ olsun. Allah həlak olanlara rəhmət eləsin!"

Son xəbərlər

Orphus sistemi