Bakı. 4 aprel. REPORT.AZ/ Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzi tərəfindən keçiriləcək 19-cu Avrasiya İqtisadi Sammitində iştirak etmək üçün aprelin 5-dən 9-dək Türkiyədə səfərdə olacaq. Bu barədə “Report”a parlamentin mətbuat xidmətindən bildirilib.
İstanbul şəhərində keçiriləcək toplantıda dünya enerji bazarında vəziyyət və bunun iqtisadiyyatın inkişafına təsiri, qlobal iqlim dəyişkənliyinə təsir edən amillər, Avrasiya məkanında iqtisadiyyatın artım perspektivləri, Yaxın Şərqdə gərginliyin ətraf ölkələrin iqtisadi vəziyyətinə təsirləri, miqrant problemləri və digər məsələlər müzakirə ediləcək. Sammit çərçivəsində dünyada terrorizmlə mübarizəyə həsr olunan ayrıca sessiyanın da keçirilməsi nəzərdə tutulur.
Vitse-spiker Sammitdə “Qlobal iqlim dəyişkənliyinə mənfi təsir edən amillərin azaldılması” mövzusunda çıxış edəcək.