Milli Məclisin komitə sədri: "Konstantin Zatulinin Dağlıq Qarabağa qanunsuz səfəri təxribat xarakteri daşıyır"

Milli Məclisin komitə sədri: "Konstantin Zatulinin Dağlıq Qarabağa qanunsuz səfəri təxribat xarakteri daşıyır" “Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr Komitəsi sədrinin müavini Konstantin Zatulinin Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa səfər etməsi və orada səsləndirdiyi bəyanat ən azı beynəlxalq hüquq normalarına qarşı kobud şəkildə hörmətsizlikdir”.
Xarici siyasət
14 Oktyabr , 2019 18:23
Milli Məclisin komitə sədri: Konstantin Zatulinin Dağlıq Qarabağa qanunsuz səfəri təxribat xarakteri daşıyır

“Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr Komitəsi sədrinin müavini Konstantin Zatulinin Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa səfər etməsi və orada səsləndirdiyi bəyanat ən azı beynəlxalq hüquq normalarına qarşı kobud şəkildə hörmətsizlikdir”.

Bunu "Report"a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli bildirib.

Onun sözlərinə görə, K.Zatulinin, ümumiyyətlə, Azərbaycandan icazəsiz bölgəyə səfəri ən yumşaq halda təxribat xarakterlidir: ”Çünki səfər etdiyi və görüş keçirdiyi qondarma qurumu, onun nümayəndələrini nəinki təmsil etdiyi Rusiya Federasiyası, heç Ermənistan özü də tanımır. O zaman Rusiya kimi dövlətin deputat mandatını daşıyan bir şəxsin bu cür bəyanatlarla müşayiət olunan belə bir səfəri təxribat xarakterli, onun erməni diasporu qarşısında götürdüyü öhdəlikdən irəli gələn missiyadır”.

Ə.Hüseynli deyib ki, rusiyalı deputat erməni lobbiçiliyi ilə uzun illərdir məşğul olur: “Çox üzücü haldır ki, bu əməllərin sahibi Dövlət Dumasının sıravi deputatı yox, MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavinidir, həm də hakim “Yedinaya Rossiya” partiyasının üzvüdür. O, əvəllər də Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli mövqeyini bildirib. K.Zatulin artıq birmənalı şəkildə ermənipərəst mövqeyini dayanmadan sərgiləyir. Hesab edirəm ki, bu, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən Rusiyanın öz reputasiyası üçün də zərərlidir və Duma bununla bağlı deputata qarşı müvafiq ölçü götürməlidir. Münaqişə bölgəsinə qanunsuz səfər, tanınmayan qondarma qurumda separatçılarla görüş və ardınca təxribat xarakterli bəyanatlar heç bir halda sülhdən yox, yalnız işğala dəstəkdən xəbər verir”.

Qeyd edək ki, ermənipərəst Konstantin Zatulin oktyabrın 11-də Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa səfər edib. Separatçı rejimin keçirdiyi "Artsaxın dostları: Ədalət və sülh naminə əməkdaşlıq" adlı "beynəlxalq forum"da çıxış edən rusiyalı deputat Azərbaycan əleyhinə bəyanatlar səsləndirib.

Son xəbərlər

Orphus sistemi