Yuxarı

Milli Məclisin deputatları Almaniya Bundestaqının nümayəndə heyəti ilə görüşüblər

Görüşdə iştirak edən Almaniyanın Azərbaycandakı səfiri əməkdaşlığın genişləndirilməsinin vacibliyi barədə fikirlərini açıqlayıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Bakıda səfərdə olan Almaniya Bundestaqının deputatı Aleksandr Ulriçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Bu barədə "Report"a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Xanlar Fətiyev deyib ki, ölkələr arasında müxtəlif sahələrdə gözəl münasibətlər mövcuddur: "Biz parlamentlər səviyyəsində də sıx əməkdaşlıq edirik".

Almaniya Bundestaqının deputatı Aleksandr Ulriç səfərin Beynəlxalq parlament təqaüdü (İPS) proqramı ilə əlaqədar olduğunu bildirib. O bildirib ki, bu proqram siyasətə maraq göstərən gənclər üçün nəzərdə tutulub: "Proqramda 41 ölkədən 120 nəfər gənc iştirak edir. Hazırda Azərbaycan və Qazaxıstandan 7 gəncin proqrama seçilməsi gözlənilir. Həmin gənclər Almaniya Bundestaqının fəaliyyəti ilə tanış olacaq, təcrübə keçəcəklər.

A.Ulriç qeyd edib ki, Azərbaycanda istedadlı, siyasətlə maraqlanan gənclər çoxdur və onlar Almaniyada topladığı təcrübəni öz ölkələrində müvəffəqiyyətlə tətbiq edə biləcəklər.

Almaniyalı deputat hər iki ölkənin parlamentləri arasında, xüsusilə dostluq qrupları çərçivəsində sıx əlaqələrin olduğunu söyləyib.

Görüşdə Almaniya-Azərbaycan Ticarət Palatasının fəaliyyətini müsbət dəyərləndirilib, Azərbaycanın Almaniya üçün enerji sahəsində vacib tərəfdaş olduğunu qeyd edilib.

A.Ulriç Azərbaycanda müxtəlif dini icmaların qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərməsini xüsusi vurğulayaraq, bunun digər ölkələr üçün gözəl nümunə olduğunu vurğulayıb.

Dostluq qrupunun üzvü Asim Mollazadə çıxış edərək İPS proqramının əhəmiyyəti barədə danışıb. O qeyd edib ki, Bundestaqın təcrübəsinin öyrənilməsi, Almaniya siyasi sistemi ilə tanışlıq gənclər üçün müsbət haldır.

A.Mollazadə Almaniyanın Azərbaycanda peşə təhsili islahatları ilə bağlı gördüyü işləri də təqdir edib.

Görüşdə iştirak edən Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab İPS proqramı, habelə, ölkələr arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi barədə fikirlərini açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi