Milli Məclisin deputatı ATƏT PA-nın iclasında ermənilərin təxribatından danışıb

Milli Məclisin deputatı ATƏT PA-nın iclasında ermənilərin təxribatından danışıb Deputat: "Öldürülən 2 yaşlı qızın günahı nə idi?"
Xarici siyasət
7 İyul , 2017 13:05
Milli Məclisin deputatı ATƏT PA-nın iclasında ermənilərin təxribatından danışıb

Bakı. 7 iyul. REPORT.AZ/ Milli Məclisin deputatı, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Elşad Həsənov qurumun Minsk şəhərində davam edən iclasında çıxış edib.

"Report"un xəbərinə görə, E.Həsənov çıxışında deyib ki, ATƏT məkanında ən aktual məsələ dondurulmuş münaqişələrin həlli ilə bağlıdır.

O bildirib ki, etnik separatizm və terrorizm əvvəlki kimi ATƏT-in insan haqları, regional təhlükəsizlik və dövlətlərarası əməkdaşlıq kimi fundamental prinsiplərinə təhlükə törədir: "Bu mənada Ermənistan və Azərbaycan arasında münaqişənin həlli beynəlxalq birlik üçün prioritet olmalıdır. Münaqişənin uzadılması isə yeni hərbi toqquşmaların başlanması və insan itkilərinə səbəb olacaq.

Azərbaycan-Ermənistan münaqişəsində vasitəçi missiyasını yerinə yetirən Minsk Qrupu ATƏT bayrağı altında fəaliyyət göstərdiyi üçün Parlament Assambleyasının münaqişənin həllinə daha aktiv yanaşmasını gözləyirik. Sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi ATƏT-in bütün ərazilərində bərqərar olmalıdır. Anlamaq lazımdır ki, münaqişənin həllinə differensial yanaşma, ərazi bütövlüyü prinsipinin pozulması ATƏT-in regiondakı inkişafına da mane olacaq".

Deputat qeyd edib ki, münaqişənin tezliklə həllinin vacibliyi iyulun 4-də təmas xəttində baş verən hadisə ilə özünü nümayiş etdirib: "Azərbaycan cəmiyyəti dinc sakinlərin ölümünə görə dərin sarsıntı içindədir. Hamıda sual yaranır – atəş nəticəsində öldürülən 2 yaşlı qızın günahı nə idi? Çox ağrılıdı ki, bu hadisə ATƏT-in Parlament Assambelyasının iclası ilə üst-üstə düşdü. Əminəm ki, bu hadisə sülhün bərqərar olmasının bizim üçün nə qədər vacib olduğunu göstərdi. ATƏT-in Parlament Asassambleyası müasir dünyanın ən önəmli prinsiplərindən sayılan - ərazi bütövlüyü prinsipinə inamla yanaşmalıdır".

Qeyd edək ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Son xəbərlər

Orphus sistemi