Yuxarı
    Bağlamaq

    Milli Məclisdə İsrailin Akko şəhərinin meri ilə görüş keçirilib

    Söhbət zamanı Dağlıq Qarabağ probleminə toxunulub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb

    Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkədə səfərdə olan İsrailin Akko şəhərinin meri Şimon Lankrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Bu barədə "Report"a MM-in mətbuat xidmətindən məlumat verilib.

    Z.Əsgərov səfərin əhəmiyyətini yüksək dəyərləndirərək, Azərbaycan-İsrail münasibətlərinin inkişaf tarixindən söz açıb, iki ölkənin xalqları arasında dostluq əlaqələrinin dərinləşməsində dövlət başçılarının rolunu xüsusi qeyd edib. O bildirib ki, Azərbaycan-İsrail münasibətləri yüksələn xətlə inkişaf edir. Milli Məclisdəki Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu səmərəli fəaliyyət göstərir.

    Z.Əsgərov ölkədə yaşayan yəhudilərin Azərbaycan xalqının ayrılmaz hissəsi olduğunu vurğulayıb, ümumiyyətlə, antisemitizmin olmadığını, müxtəlif xalqların nümayəndələrinin burada tolerantlıq şəraitində yaşadığını söyləyib. O, həmçinin İsrailin Akko şəhərində Azərbaycanın Dağlıq Qarabağ problemi, eləcə də “Xocalıya ədalət!” kampaniyası ilə əlaqədar keçirilən tədbirlərdən xəbərdar olduğunu deyib.

    Ş.Lankri isə öz növbəsində bildirib ki, 25 ildir Azərbaycan kökənli insanlarla işləyir: "Burada o qədər yaxşı şəraitdə yaşayıblar ki, həmin şəxslərin qəlbi Azərbaycanda qalıb və onlar bu ölkə üçün çox darıxırlar. Azərbaycan mənim üçün böyük sürpriz oldu. Bakı olduqca gözəl şəhərdir. Yəhudilər burada yaxşı yaşayırlar".

    12 ildən bəri Akkonun meri olduğunu deyən qonaq Azərbaycanla bağlı keçirdikləri tədbirlərdən danışıb, Heydər Əliyev adına Mədəniyyət Evi inşa etdiklərini söyləyib.

    Sonra görüşdə Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov vətəni Azərbaycanda yəhudilərə yaradılan şəraitdən bəhs edib.

    Söhbət zamanı Dağlıq Qarabağ probleminə toxunulub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi