​Millət vəkili: "Milli Demokratiya İnstitutu gəncləri küçələrə çıxarmamalıdır"

​Millət vəkili: "Milli Demokratiya İnstitutu gəncləri küçələrə çıxarmamalıdır" "Biz vətəndaş cəmiyyəti institutlarını şəffaflığa dəvət edirik"
Xarici siyasət
14 Fevral , 2015 13:57
​Millət vəkili: Milli Demokratiya İnstitutu gəncləri küçələrə çıxarmamalıdır

Bakı. 14 fevral. REPORT.AZ/ “Bizim narazı qaldığımız məqamlardan biri ABŞ-ın birbaşa separatçılara maliyyə yardımı etməsidir. Hətta bizim buna rəsmi və qeyri-rəsmi şəkildə etirazımız olub. Ancaq bu, qəbul olunmayıb”.

“Report”un məlumatına görə, bunu Milli Məclisdə keçirilən “Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində” mövzusunda dinləmələrdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev deyib.

O bildirib ki, Azərbaycan ABŞ tərəfindən 907-ci düzəlişin tətbiqi ilə sanksiyaya məruz qalıb, halbuki regionda sanksiyaya məruz qalacaq yeganə ölkə Ermənistandır: “ABŞ BMT Təhlükəsizlik Şurasının Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsvermə zamanı neytral mövqe sərgiləyib. Bu ATƏT-in Minks qrupunun həmsədr ölkəsi üçün yolverilməzdir və istənilən şəkildə biz bunu açıq şəkildə müzakirə etməliyik. Biz vətəndaş cəmiyyəti institutlarını şəffaflığa dəvət edirik. Biz deyirik ki, Milli Demokratiya İnstitutu 1 milyon vəsaiti qanunsuz və nağd şəkildə paylamamalı, gəncləri küçələrə çıxarmamalıdır”.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı qeyd edib ki, ABŞ-ın bölgədəki siyasətində açıq-aşkar ermənipərəst mövqeyi sərgiləməsi narahatedicidir: “Azərbaycan modern İslam ölkəsidir və bu dövlətə qarşı mübarizənin hər zaman şahidi olmuşuq. Beləliklə, İslam aləminə hücum illərdir davam edib. Mən ABŞ nümayəndələri ilə görüşümdə demişəm ki, ABŞ-ın son illərdə apardığı siyasət onu ölkəmizdə gözdən salır”.

Millət vəkili Zahid Oruc çıxışında deyib ki, ABŞ-ın son dövrlər siyasi gündəmində Azərbaycanın belə mühüm yer alması təkcə Cənubi Qafqaz siyasətinin önə çıxması ilə bağlı deyil, daha çox Azərbaycanın iki mühüm ölkəyə münasibəti ilə bağlıdır: “Biri Rusiyadır, ikincisi isə İrandır. Azərbaycanı anti-Rusiya blokuna qoşmağa çalışırlar, bu alınmır. Eyni zamanda, Azərbaycanın İrana qarşı mövqeyində sərtləşməsini istəyirlər, bu da baş tutmur. Amma Azərbaycan anti-Amerika blokunda da yer almayıb. Nəyə görə biz bu məsələlərdə beynəlxalq dairələrin mövqeyini eynən götürüb özümüzə tətbiq etməliyik? Mən hesab edirəm ki, Azərbaycandan çıxmış ABŞ fondları heç də demokratiyaya investisiya yatıran qüvvələr deyildirlər”. Z.Oruc əlavə edib ki, həmin fondlar uzun illər boyu demokratiyanın investisiyası adı altında sadəcə legioner hazırlayıblar.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə çıxışında qeyd edib ki, Azərbaycan bu gün beynəlxalq dəyərlərə, Avropa dəyərlərinə, insan haqlarına, demokratiyaya söykənin prinsiplərə əsaslanaraq öz yolunu davam etdirir: “Biz ABŞ-a çağırış edirik ki, Azərbaycana qarşı münasibətlərində öz maraqları çərçivəsində çıxış etsin və burada erməni maraqlarını kənara qoysun”.

Qeyd edək ki, dinləmələrdə deputatlar, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların rəhbərləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi