Nataliya Krasovskaya: "Azərbaycan nəhəng potensialından gözəl yararlandı" - MÜSAHİBƏ

Nataliya Krasovskaya: "Azərbaycan nəhəng potensialından gözəl yararlandı" - MÜSAHİBƏ “Report”un Rusiya bürosuna verdiyi müsahibədə Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Nataliya Krasovskaya iki ölkə arasındakı münasibətlərin inkişafından söhbət açıb.
Xarici siyasət
218
27 May , 2020 15:08
Nataliya Krasovskaya: Azərbaycan nəhəng potensialından gözəl yararlandı - MÜSAHİBƏ

“Report”un Rusiya bürosuna verdiyi müsahibədə Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Nataliya Krasovskaya iki ölkə arasındakı münasibətlərin inkişafından söhbət açıb.

- Hazırda Azərbaycanla Rusiya arasında mədəni əlaqələrin inkişafına dair fikriniz necədir?

- Ötən il Rusiya ilə Azərbaycan arasında mədəniyyət sahəsində rekord sayda tədbirlər keçirildi. Bütün ekspertlərin yekdil qənaəti iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə çıxmasıdır. Hərçənd koronavirus pandemiyası bu məsələdə də təsirini göstərdi, çünki bütün dünyada kütləvi tədbirlər dayandırıldı. Buna baxmayaraq, təcrid olmaq məcburiyyətində qaldığımız bu dövr ərzində mədəni əlaqələrimizin daha da gücləndiyini, üstəlik, yeni inkişaf formalarınə büründüklərini böyük sevinclə bildirmək istərdim. Mədəniyyət nümayəndələri internetin verdiyi imkanlardan daha geniş bəhrələnməyə başladıqları sayəsində dünya boyu çoxlu sayda insanlar Rusiya ilə Azərbaycan arasındakı mədəniyyət dialoquna qoşula biliblər. Rusiyanın da, Azərbaycanın da bir çox musiqi sənətkarları, müğənniləri, aktyorları onlayn konsertlər keçirdilər, təcrid vəziyyətində sarsıntıları dəf etməyin yolları barədə məsləhətlər verdilər, qonşu ölkədəkilərə dəstək ifadə etdilər. Bütün bunlar, sözsüz ki, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdı.

- Sizcə, koronavirus pandemiyası ölkələrimizin münasibətlərinə necə təsir edib?

- Heç şübhəsiz, bu pandemiya həyatın bütün sahələrinə böyük təsir göstərib, şəxsi münasibətlərdən tutmuş geosiyasi münasibətlərədək öz damğasını vurub. Bununla belə bir çox ölkələr arasında əməkdaşlığın səngidiyi bir vaxtda Rusiya ilə Azərbaycan qarşılıqlı dəstəyin, əməkdaşlığı daha da genişləndirməyin gözəl nümunəsini ortaya qoydular. Vətəndaşlarımızın qarşılıqlı olaraq gediş-gəlişi müvəqqəti dayandırılsa da, iqtisadi sahədə əməkdaşlığımız əvvəlki səviyyədə qaldı, sərhədlər üzərindən yüklər daşınır, üstəlik, Rusiyada Azərbaycanın ekoloji cəhətdən təmiz, həm də imuniteti artıran meyvə-tərəvəzinə tələbat artdı ki, azalmadı. Elmi tədqiqat sahəsində də məlumat mübadiləsi artdı. Belə ki, koronavirusa qarşı dərmanı tapmaq üçün tədqiqatların birgə aparılması nəticəni tezləşdirəcəkdir.

- Rəhbərlik etdiyiniz Mərkəzin fəaliyyəti barədə məlumat verərdiniz.

- Rusiya-Azərbaycan Dostluq Mərkəzi rusiyalı deputat Dimitriy Savelyevin rəhbərlik etdiyi Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun nəzdində fəaliyyət göstərir. Ötən il bizim də iştirakımızla Rusiya parlamentində “Rusiya ilə Azərbaycan arasında mədəniyyət körpüləri mədəniyyətlərin dialoqu üçün bünövrədir” adlı "dəyirmi masa" keçirildi. Bu tədbirdə Rusiyanın və Azərbaycanın tanınmış ziyalıları ölkələrimiz arasında humanitar sahədəki əməkdaşlığı daha da artırmağın yollarına dair fikirlərini bölüşdülər. Əsas mövzulardan biri də birgə məlumat məkanının inkişaf etdirilməsi oldu ki, bizim Mərkəz də məhz bunu qarşıya əsas hədəflərdən bir kimi qoyub. Ölkələrimiz arasında mədəni əlaqələrin, bütövlükdə mehriban qonşuluq münasibətlərinin inkişafı nəsillər arasındakı vərəsəliyə söykəndiyi üçün Mərkəzimizin fəaliyyətindəki mühüm istiqamətlərdən biri iki ölkədə mədəniyyət, gənclər sahəsindəki hadisələri xəbər saytlarında, sosial şəbəkələrdə işıqlandırmaqdır. Bunun üçün Azərbaycanın və Rusiyanın ən tanınmış internet portalları ilə əməkdaşlıq edir, iki ölkənin münasibətlərinə, xalqlarımızın həyatına dair məlumat verir, tanınmış ziyalılara, ictimai xadimlərə ölkələrimiz üçün mühüm hadisələrə dair fikirlərini açıqlamaq üçün imkan yaradırıq. Azərbaycan hökumətinin multikulturalizm siyasəti, o cümlədən rus dilini qorumaq siyasəti də bizim məqsədlərimizi yerinə yetirmək üçün əlverişli şərait yaradır.

- 28 May-Respublika Gününə saatlar qalır. Azərbaycan son illərdə nə qədər dəyişib? Azərbaycan xalqına arzularınızı eşitmək maraqlı olardı.

- Müstəqilliyini bərpa edəndən sonrakı dövrdə Azərbaycan malik olduğu nəhəng potensialdan gözəl yararlandı və indi də inkişaf sürətini artırır. Ölkənizin nadir coğrafi mövqeyi, zəngin təbii sərvətlərilə yanaşı, ixtisaslı insan ehtiyatları da var. Azərbaycana mütəmadi olaraq gələn bir şəxs kimi sizdə bir çox gənclərin ana dildən başqa rus dilində, habelə ingilis dilində danışdığını söyləyə bilərəm. Belə şərtlərlə ölkənizin bir çox göstəricilərə dair beynəlxalq reytinqlərdə yüksək yer tutması heç də təəccüblü deyil. İqtisadiyyatda Azərbaycan son 15 ildə üçqat artıma nail oldu ki, bu da dünya rekordudur. Əcnəbi sərmayələr üçün çox əlverişli olan Azərbaycan beynəlxalq nəqliyyat və enerji layihələrinin mühüm parçasıdır, Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəniz Avrasiyanın ən mühüm nəqliyyat hubuna çevrilib. Ötən il isə Azərbaycan TANAP layihəsi vasitəsilə Avropaya birləşərək bir çox ölkələrin enerji təhlükəsizliyi məkanına daxil oldu. Təhlükəsizliyə gəlincə, Azərbaycanın beynəlxalq siyasətdəki rolu durmadan artır, tez-tez beynəlxalq miqyaslı mübahisələrin həlli üçün meydan olaraq seçilir. Bu baxımdan Rusiya ilə Türkiyə arasındakı ötənilk gərginliyi yoluna qoymaqda məhz Azərbaycanın mühüm töhfəsini xatırlatmaq istərdim. Yəni bu gün Azərbaycan beynəlxalq sabitliyin qorunmasında mühüm amilə çevrilib. Sözsüz ki, bütün bu nailiyyətlər doğma torpaqdan güc alan istedadlı Azərbaycan xalqının əməyi hesabına əldə edilib. Mən də bütün azərbaycanlılara yeni-yeni böyük qələbələr, həmçinin rusiyalılarla qardaşlığı inkişaf etdirməyi arzulayıram. Hamınıza xoşbəxtlik, əmin-amanlıq, ruzu-bərəkət diləyirəm.

Son xəbərlər

Orphus sistemi