Yuxarı

Mərakeş səfiri: "Azərbaycanı hər zaman dost və qardaş ölkə kimi xatırlayacam"

Hassan Haminin diplomatik missiyası başa çatıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Mərakeş Krallığının Azərbaycandakı səfiri Hassan Hamini diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib.

XİN-dən "Report"a verilən məlumata görə, Azərbaycandan xoş təəssüratla ayrıldığını qeyd edən səfir Hassan Hami diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Səfir Azərbaycanı hər zaman dost və qardaş ölkə kimi xatırlayacağını vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Mərakeş arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib. Mərakeşin Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının Kontakt Qrupuna qoşulmasının təqdir edildiyini bildirib.

E.Məmmədyarov ölkələrimiz arasında əməkdaşlığın bütün sahələr üzrə inkişafına verdiyi töhfələrə görə səfirə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi