2023-cü il dekabrın 12-də Mərakeşin fransız dilində dərc olunan nüfuzlu “Al Bayane” qəzetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş məqalə dərc olunub.
"Report" xəbər verir ki, “Heydər Əliyev- Azərbaycan dövlətinin və onun Mərakeşlə əməkdaşlığının banisi” adlı məqalədə ulu öndərin Azərbaycan xalqını dövrün tarixi və siyasi sınaqlarından uğurla çıxaran, onu müstəqilliyə aparan güclü şəxsiyyət olduğu vurğulanır. Bununla yanaşı, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün Azərbaycan tarixinin parlaq səhifəsi olduğu və müstəqil dövlət quruculuğunda dahi şəxsiyyətin misilsiz xidmətləri qeyd olunur.
Məqalədə həmçinin, Ulu Öndərin Azərbaycanla Mərakeş arasında münasibətlərin əsasının qoyulmasındakı rolundan bəhs edilir, bu xüsusda Heydər Əliyevin 1994-cü ilin dekabrında İƏT-in Zirvə toplantısında iştirak etmək üçün Kasablankaya səfəri və bu çərçivədə Mərakeş Kralı II Həsənlə görüşünün tarixi əhəmiyyəti vurğulanır. İki ölkənin rəhbərinin strategiyasının hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Kral Əlahəzrət VI Məhəmməd tərəfindən uğurla inkişaf etdirildiyi də yazıda qeyd olunur.
2023-cü ilin Azərbaycanda ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi kimi qeyd edildiyini bildirən yazının müəllifi Azərbaycan xalqının ulu öndərin xatirəsini həmişə əziz tutduğunu və yad etdiyini, onun hakimiyyətə qayıdışı gününün isə, ölkədə milli bayram kimi qeyd edildiyini bildirir.