Bakı. 4 may. REPORT.AZ/ "Azərbaycan Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində Avropa İttifaqı ilə ikitərəfli məsləhətləşmələr aparmağa hazırdır".
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündəki çıxışında deyib.
Nazir bildirib ki, Avropa İttifaqı qonşuluğunda yeni geosiyasi inkişaf və çağırışlar Aİ-nin Azərbaycanla gələcək əlaqələrini formalaşdıracaq: "Ümid edirik ki, yenilənmiş Avropa Qonşuluq Siyasəti Avropa İttifaqı ilə münasibətlərdə tərəfdaş ölkələrin fərqli istəklərinə uyğun olacaq. Azərbaycan əməkdaşlığın potensial sahələrinə özünün cəlb edilməsinin araşdırılması məqsədilə yenilənmiş Avropa Qonşuluq Siyasətində nəzərdə tutulan birgə tematik çərçivədə Avropa İttifaqı ilə ikitərəfli məsləhətləşmələr aparmağa hazırdır".
Azərbaycanın xarici işlər naziri vurğulayıb ki, Şərq Tərəfdaşlığının zəiflədiyinə və bütün potensialını itirdiyinə dair şübhələr artmaqda davam edir: "Biz Aİ ilə ikitərəfli münasibətlərimizdəki irəliləyişi qiymətləndiririk, bu xüsusda Şərq Tərəfdaşlığının çoxtərəfli formatda çatdırmaq bacarığı proqramın bütöv səmərəliliyini müəyyən etməkdə böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan tərəfindən irəli sürülən və həyata keçirilən böyük transregional layihələr Şərq Tərəfdaşlığı çoxtərəfli formatının dirçəldilməsinə perspektivli təsir göstərir".
Cənub Qaz Dəhlizi bu xüsusda Şərq Tərəfdaşlığı regionu, eləcə də Aİ üzv dövlətləri və namizəd ölkələrdən müxtəlif pay sahiblərinin daxil olduğu unikal bir layihədir. Bu yaxınlarda Bakıda keçirilən və Federika Moqerini və Maroş Şefçoviçin iştirak etdiyi Məşvərət Şurasının 2-ci nazirlər görüşü bu layihənin maneəsiz həyata keçirilməsinə dair birlik və həmrəylik mesajını çatdırdı. 17 may tarixində Yunanıstanın Saloniki şəhərində təşkil olunacaq TAP-ın təməlqoyma mərasimi bu xüsusda başqa bir mərhələnin əsasını qoyacaq. Şübhəsiz ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində birgə strateji maraqlara cavab vermək üçün etibarlı tərəfdaşdır və belə də qalacaqdır".
Nazir qeyd edib ki, Azərbaycanın çoxtərəfli əməkdaşlığa töhfəsi transregional neft və qaz infrastruktur layihələri ilə məhdudlaşmır: "Bu ilin sonlarına qədər təhvil verilməsi gözlənilən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi bərpa edilən qədim İpək Yolunun ayrılmaz komponenti kimi qəbul edilir. Çinin İpək Yolu İqtisadi Kəməri konsepsiyasının tam realliğa çevirilməsi sözügedən dəmiryolunu regionun ən vacib infrastrukturları sırasına qoşacaq. Bu, artıq Aİ ilə nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün böyük mərkəz rolunu oynayır. Azərbaycan həm də Aİ ilə Birgə Aviasiya Sazişinə dair danışıqları bərpa etmək üzərində işləyir".