Meksikada Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

Meksikada Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin birinci ildönümü münasibətilə Meksikada rəsmi qəbul təşkil olunub.
Xarici siyasət
7 Noyabr , 2021 19:24
Meksikada Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin birinci ildönümü münasibətilə Meksikada rəsmi qəbul təşkil olunub.

Bu barədə "Report"a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Meksika XİN, Milli Konqres və digər dövlət və hökumət qurumlarının rəsmiləri, ölkədə akkreditə olunmuş diplomatik korpus nümayəndələri, yerli KİV təmsilçiləri, işgüzar və elmi dairələr, gənclər və icma təşkilatları üzvlərinin iştirakı ilə baş tutmuş mərasimdə bu ölkədəki səfirimiz Məmməd Talıbov qonaqlara Azərbaycanın dövlətçilik tarixi, müstəqilliyinin bərpa edilməsindən sonra qarşılaşdığı çətinliklər, Ümummilli lider Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu dövlət kimi öz mövqeyini tutması istiqamətində əvəzsiz xidmətləri, ölkəmizin son 30 ildə əldə etdiyi nailiyyətlər, zəngin incəsənəti və mədəniyyəti, dünyada mədəniyyətləarası dialoqa verdiyi önəmli töhfələr haqda məlumat verib.

Daha sonra Vətən müharibəsinin yekunları, Azərbaycanın bu haqlı mübarizəsindəki tarixi qələbəsi, regionda münaqişədən sonrakı yaranmış vəziyyət, soydaşlarımızın öz evlərinə qayıtmasına münasibətdə mövcud maneələr, işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində Azərbaycan tərəfindən görülən işlər və bölgədə davamlı sülh və əməkdaşlıq mühitinin yaradılması üzrə ortaya qoyduğu səylər, eləcə də ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti və Meksika ilə ikitərəfli əlaqələrindən bəhs edilib. Meksika tərəfinin hər zaman beynəlxalq hüquq mövqeyindən çıxış etdiyini söyləyən təmsilçimiz, bu xüsusda ölkə Konqresi tərəfindən ölkəmizə qarşı erməni təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan sənədlərin qəbul edilməsinə görə bir daha təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Konqres üzvü, hakim “Morena” partiyasının təmsilçisi Navor Roxas Azərbaycanın öz tarixi torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı xalqımıza təbriklər çatdırıb, habelə Azərbaycanla Meksika arasında mövcud olan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərindən, eləcə də xalqlarımızı yaxınlaşdıran tarixi-siyasi və mədəni-mənəvi dəyərlərdən söz açıb.

Mərasimdə Azərbaycan milli və klassik musiqi əsərləri səsləndirilib, qonaqlara meksikalı rəqs qrupunun ifasında milli rəqs nömrələri nümayiş etdirilib və zəngin milli mətbəximizin nümunələrindən ibarət ziyafət təqdim olunub.

Bununla yanaşı, tədbirdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin qeyd edildiyi söylənilib, şairin zəngin ədəbi irsi haqda danışılıb və “Xəmsə”yə daxil olan əsərlərə çəkilmiş miniatür rəsmlərdən ibarət sərgi nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi