Yuxarı

Meksikada 28 May - Respublika Günü təntənəli şəkildə qeyd olunub

Qonaqlara AXC-nin tarixi və əldə etdiyi nailiyyətlər barədə məlumat verilib

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən 28 May - Respublika Günü münasibətilə paytaxt Mexiko şəhərində rəsmi qəbul keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, tədbirdə Meksika Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının təmsilçiləri, siyasi partiyaların, diplomatik korpusun nümayəndələri, həmçinin azərbaycanlı, türk və yəhudi icmalarının üzvləri, cəmiyyətin müxtəlif təbəqələrindən şəxslər iştirak ediblər.

Səfirliyin müvəqqəti işlər vəkili Mehriban Səmədova Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və onun Şərqin ilk demokratik respublikası olaraq dünya dövlətçilik və demokratiya tarixinə töhfələrindən bəhs edərək bildirib ki, Azərbaycanda respublikanın yaradılması böyük tarixi hadisə idi: "Çünki əsrlər boyu müstəqillik və azadlıq arzusunda olan Azərbaycan xalqı artıq buna nail olub. Eyni zamanda, Azərbaycan qadınlara bərabər səsvermə hüququ vermiş ilk beş ölkədən biri idi".

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən M.Səmədova Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20%-nin işğal olunduğunu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini, Azərbaycan dövlətinin 20 ildən çoxdur danışıqlar apararaq münaqişənin ədalətli, sülh yolu ilə həll olunmasını istəyindən, lakin müzakirələr zamanı Ermənistanın daim qeyri-konstruktiv mövqe nümayiş etdirməsindən bəhs edib.

Qəbul zamanı qonaqlara Azərbaycanın çoxsaylı milli mətbəx təamlarından təqdim edilib, həmçinin ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanları, kulinariyası barədə müxtəlif çap materialları təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi