Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov Change Tv kanalında aparıcı Aribel Contrerasın Eco Internacional verilişinə ölkəmizin enerji təhlükəsizliyində mühüm rolu və COP29-a ev sahibliyi mövzusunda müsahibə verib.
Bu barədə "Report"a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.
Səfir M.Talıbov müsahibəsində ilk öncə müsəlman şərqində ilk demokratik Respublika, Şərqdə ilk dəfə qadınlara bərabər hüquqlar verən Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi barədə izləyiciləri məlumatlandırıb.
Müsahibəsində, həmçinin ölkəmizin zəngin müstəqillik tarixinə toxunan səfir xalqımızın və ölkəmizin üzləşdiyi çətinliklərdən və çağırışlardan söz açıb. Bu xüsusda, Azərbaycanın çətin vaxtlarında hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin qorunmasındakı misilsiz xidmətlərindən danışıb, bununla Azərbaycanın müstəqillik tarixində yeni bir dövrün başladığını bildirib.
Ölkəmizin keçdiyi iqtisadi inkişaf mərhələlərindən toxunan diplomat həmin mərhələlərin ölkəmizin iqtisadi inkişaf yolunu formalaşdırdığını, bu gün əldə edilən nailiyyətlərin istər beynəlxalq arenada, istərsə də regionda ölkəmizin daha güclü ölkəyə çevrilməsi üçün zəmin yaratdığını qeyd edib.
Müsahibəsində ölkəmizin beynəlxalq arenada artan roluna toxunan diplomat son illərdə Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbirlərdən, beynəlxalq təşkilatlar çərçivəsində aktiv fəaliyyətindən bəhs edib. Bu xüsusda, Azərbaycanın BMT TŞ-na qeyri -daimi üzv seçildiyini, QH-na uğurlu sədrlik etdiyini, Təşkilatın canlandırılması istiqamətində çoxsaylı təşəbbüslər irəli sürdüyünü, ötən müddət ərzində 1-ci Avropa Oyunlarına , IV İslam Həmrəyliyi Oyunlarına, bu il isə Formula 1 Azərbaycan Qran – Prisi kimi mötəbər tədbirlərə ev sahibliyi etdiyini, habelə dünyada ən vacib qlobal problemlərdən biri olan iqlim dəyişikliyi mövzusuna həsr olunmuş COP29 tədbirinin Azərbaycanda keçiriləcək mühüm tədbirlərdən olduğunu diqqətə çatdırıb. Azərbaycanın ev sahibliyinin ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədəki mühüm rolunun bariz nümunəsi olduğunu vurğulayıb. Habelə, COP29-a hazırlıq prosesi, ölkəmiz tərəfindən atılan mühüm addımlar barədə izləyiciləri məlumatlandırıb.
Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin vacib təminatçısı kimi rolu barədə aparıcının sualını cavablandıran diplomat Azərbaycanın neft və qaz strategiyası istiqamətində atdığı mühüm addımlardan danışaraq dinləyicələrə neft və qaz yataqlarının inkişafı, mühüm infrastruktur rolunu oynayan dünya miqyaslı layihələr olan boru kəmərləri, habelə ölkəmizin neft və qaz gəlirlərini qeyri-neft sektorunun inkişafına yönəldən iqtisadi şaxələndirmə strategiyası barədə ətraflı məlumat verib.
Bu gün Azərbaycanın davamlılığa və az karbonlu iqtisadiyyata keçidə güclü sadiqlik nümayiş etdirdiyini, artıq son illərdə neft hasil edən ölkədən yaşıl enerji ixracatçısına çevrilmək üçün mühüm addımlar atdığını, bu gün regionda yaşıl enerji keçidi üzrə regional liderə çevrildiyini bildirib. Bu xüsusda, son illərdə Azərbaycanda yaşıl layihələrə üstünlük verildiyini, azad edilmiş ərazilərdə ağıllı şəhərlər və kəndlər yaradılması istiqamətində böyük işlər görüldüyünü, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının, habelə Naxçıvan Muxtar Respublikasının 2050-ci ilə qədər xalis sıfır emissiya zonaları olacağını, 2030-cu ilə qədər isə ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının ən azı 30 %-ə çatdırılacağını qeyd edib.
Müsahibədə həmçinin Ermənistan Azərbaycan normallaşma prosesi barədə aparıcının sualını cavablandıran diplomat 30 illik işğalın başa çatdığını, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparıldığını, qaçqınların öz yurdlarına qaytarılması üçün “Böyük Qayıdış” proqramının icrasının reallaşdırıldığını, bu gün iki ölkə arasından sülh sazişinin razılaşdırılması istiqamətində, regionda daimi sülhün əldə edilməsi üçün mühüm addımlar atıldığını, Ermənistan tərəfindən ölkənin normativ hüquqi bazasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasının vacibliyini bildirmişdir.
Sonda Azərbaycan Meksika münasibətlərinə toxunan M.Talıbov iki ölkə arasında turizm, mədəniyyət, təhsil, iqtisadiyyat və bir çox digər sahələr üzrə əməkdaşlıq imkanlarından bəhs edib, bu xüsusda əməkdaşlığın gücləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.