Yuxarı
    Bağlamaq

    Birinci vitse-prezident Mehriban Əliyeva bir sıra görüşlər keçirib - ƏLAVƏ OLUNUB

    Qonaqlar V Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdədirlər© Azertag.az

    Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva martın 16-da V Qlobal Bakı Forumunda iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqa ilə görüşüb.

    "Report" xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqanı yenidən ölkəmizdə görməkdən şad olduğunu bildirən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edib, Bakı Forumunun artıq qlobal platformaya çevrildiyini deyib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən Mehriban Əliyeva bu mərkəzin Azərbaycanı dünyada tanıtmaq baxımından rolunu vurğuladı və ölkəmizin bundan sonra da mərkəzin fəaliyyətinin genişləndirilməsinə dəstəyini verməyə hazır olduğunu söyləyib.

    Vayra Vike-Freyberqa həmsədri olduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin daha geniş platformada təbliğində, təşkilatın fəaliyyətinin gücləndirilməsi, üzvlərinin sayının artırılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Qlobal Bakı Forumunun proqramları ildən-ilə daha da genişlənir və bu, Azərbaycanın xaricdə daha yaxşı tanıdılması işinə xidmət edir.

    Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbriklərini çatdırıb.

    Eyni zamanda, Mehriban Əliyeva martın 16-da V Qlobal Bakı Forumunda iştirak edən UNESCO-nun xoşməramlı səfiri, ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti Marianna Vardinoyannis ilə görüşüb.

    Qonaq Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbrik edib. Azərbaycan ilə Yunanıstan arasında sosial, təhsil, səhiyyə sahələrində əməkdaşlığın inkişaf etdiyini deyən Marianna Vardinoyannis Mehriban Əliyevanın 2014-cü ildə Yunanıstana səfərini məmnunluqla xatırladıb. O, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün yaradılan mərkəzin fəaliyyətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Qonaq bu sahədə təcrübə mübadiləsinin vacibliyini və gələcəkdə əlaqələri daha da genişləndirməyin mümkünlüyünü vurğulayıb. O, Azərbaycanın Birinci vitse-prezidentini Azərbaycan ilə Yunanıstan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə təşkil olunacaq tədbirlərdə iştirak etmək üçün ölkəsinə səfərə dəvət edib.

    Dəvətə görə təşəkkürünü bildirən Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə inkişaf etdiyini bildirib. Mehriban Əliyeva Yunanıstana səfərini məmnunluqla xatırladıb, bu ölkədə Heydər Əliyev Fondunun təşkil etdiyi konsert proqramının maraqla qarşılandığını qeyd edib və bunun Azərbaycan mədəniyyətinin Yunanıstanda təbliği sahəsində mühüm rol oynadığını vurğulayıb.

    Bundan başqa, Azərbaycanın Birinci vitse-prezidenti martın 16-da V Qlobal Bakı Forumunda iştirak edən Makedoniya Respublikasının birinci xanımı Maya İvanova ilə görüşüb.

    Birinci xanım Maya İvanovanı Bakıda görməkdən məmnun olduğunu deyən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva V Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin aktuallığını qeyd edib.

    Makedoniya Respublikasının birinci xanımı Maya İvanova Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbrik edib, onun gördüyü işləri yüksək qiymətləndirib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

    Makedoniya Respublikasında uşaqların və qadınların sosial problemlərinin həlli ilə bağlı Mərkəzin fəaliyyətindən danışan Maya İvanova Azərbaycanın Birinci vitse-prezidentinin bu sahədəki təcrübəsini qeyd etdi, əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Birinci xanım Maya İvanova Mehriban Əliyevanı Makedoniyaya səfərə dəvət edib.

    Dəvətə görə təşəkkürünü bildirən Azərbaycanın Birinci vitse-prezidenti birgə layihələrin həyata keçirilməsinin səmərəli olacağını bildirib.

    Görüşdə səhiyyə, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi