Yuxarı
    Bağlamaq

    Malena Mard: "Aİ Azərbaycanla münasibətlərdə gələn ilə böyük ümidlər bəsləyir"

    İdarəetmə, iqtisadiyyat, demokratiya, energetika məsələləri üzrə müzakirələrə böyük önəm veririk

    Bakı. 15 dekabr. REPORT.AZ/ "Bu il Azərbaycan-Avropa İttifaqı münasibətlərində mühüm əhəmiyyət kəsb edir".

    "Report" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard jurnalistlərə açıqlamasında deyib.

    "Məhz 2016-cı ildə Azərbaycanla yeni hüquqi səviyyədə əlaqələr qurmaq qərarına gəldik. Çünki hazırda münasibətlərimizin əsaslandığı siyasi müstəvi 1996-cı ildə yaradılıb", - deyə M.Mard bildirib.

    Onun sözlərinə görə, Aİ və Azərbaycan arasında daha dərin əməkdaşlığın yaradılması üçün yeni siyasi müstəvini yaratmaq və razılaşdırmaq lazımdır.

    "Bu il həqiqətən sıx oldu. Qeyd etmək istəyirəm ki, nadir hallarda Aİ-nin iki yüksək vəzifəli nümayəndəsi eyni zamanda bir ölkəyə səfər edir. Azərbaycanda bu ilin fevral ayında bunun şahidi olduq. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini və Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şefçoviç Bakıda oldu" , - səfir vurğulayıb.

    O, həmçinin sentyabr ayında Avropa Parlamentinin nümayəndələrinin də Azərbaycana səfər etdiyini xatırladıb.

    "Azərbaycan Avronest çərçivəsində əməkdaşlığı davam etdirir, eləcə də bu il dörd alt komitədən üçünün iclası keçirilib. Bu, gündəlikdəki məsələlərin sıxlığını göstərir", - M.Mard bildirib.

    Səfir Aİ-nin müxtəlif səfərlərin nəzərdə tutulduğu 2017-ci ilə böyük ümidlər bəslədiyini vurğulayıb.

    "İdarəetmə, iqtisadiyyat, demokratiya, energetika məsələləri üzrə müzakirələrə böyük önəm veririk", - deyə o əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi