Maksim Kuryaçiy: “Azərbaycanın nümunəsi Ukraynada güclü təəssürat yaradıb”

Maksim Kuryaçiy: “Azərbaycanın nümunəsi Ukraynada güclü təəssürat yaradıb” "Bu baxımdan bir tərəfdən Azərbaycanla, digər tərəfdən də Türkiyə ilə hərbi-texniki əlaqələr Ukrayna üçün xüsusi əhəmiyyət daşıyır"
Xarici siyasət
10 Fevral , 2021 12:09
 Maksim Kuryaçiy: “Azərbaycanın nümunəsi Ukraynada güclü təəssürat yaradıb”
Maksim Kuryaçiy

“Həm Azərbaycan, həm də Ukrayna xarici təcavüz, ərazilərinin bir hissəsinin işğalı ilə üzləşib. Azərbaycanın hərbi əməliyyat nəticəsində ərazi bütövlüyünü bərpa etmək nümunəsi Ukrayna vətəndaşlarında güclü təəssürat yaradıb. Faktiki olaraq Azərbaycan rəhbərliyi bütün dünyaya göstərdi ki, düşünülmüş strategiya və resursların səfərbər edilməsi ilə birlikdə güclü siyasi iradənin olması Sovet müstəmləkəçiliyinin dondurulmuş metastazlarını aradan qaldırmağa qadirdir”.

Bunu “Report”a açıqlamasında Ukrayna Ali Radasının keçmiş deputatı Maksim Kuryaçiy deyib.

O, bu baxımdan bir tərəfdən Azərbaycanla, digər tərəfdən də Türkiyə ilə hərbi-texniki əlaqələrin Ukrayna üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Azərbaycanın təcrübəsi və onun hərbi uğurları bunu təsdiqləyir. Azərbaycanlı tərəfdaşlarımıza təklif edə biləcəyimiz çox şey var. Özü də hərbi-texniki sahədə birgə fəaliyyət barədə ilk razılaşmalar hələ 1997-ci ildə imzalanıb”.

Bakı-Ankara-Kiyev formatında üçtərəfli əməkdaşlıqdan danışan M.Kuryaçiy diqqətə çatdırıb ki, qloballaşma dövründə regional əməkdaşlıq, bəzilərinin düşündüyü kimi, arxaik və ikinci dərəcəli bir şey kimi görünmür.

“Əksinə, beynəlxalq ictimaiyyətin son illərdə qarşılaşdığı problemlər, o cümlədən koronavirus pandemiyası regional, lokal qarşılıqlı əlaqələrin inkişafı mövzusunu, onların belə çağırışlara cavab vermək üçün təsirli yollar və vasitələrin axtarışına cəlb edilməsi məsələsini aktuallaşdırır. Axı qlobal inkişaf ən müxtəlif mənbələr hesabına formalaşır. Bu dinamik şəkildə dəyişən dünyada öz yerinizi axtarmalı və tapmalısınız. Öz subyektivliyinizi artırmalısınız”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi