Yuxarı
    Bağlamaq

    Makedoniya prezidenti Azərbaycana səfər edəcək

    Səfir Faiq Bağırov Makedoniyada bir sıra görüşlər keçirib

    Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycanın Türkiyə və Makedoniyadakı fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov yanvarın 22-27-də Skopyeyə səfər edib.

    Səfirlikdən "Report"a verilən məlumata görə, səfər Makedoniya prezidenti Georgi İvanovun dəvəti əsasında baş tutub.

    Məlumata görə, səfir Makedoniya prezidenti tərəfindən bu ölkədə akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri üçün təşkil olunmuş rəsmi qəbula qatılıb və dövlət başçısı G.İvanovla görüşüb. Görüş zamanı F.Bağırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını qarşı tərəfə çatdırıb. Azərbaycan ilə Makedoniya arasında mövcud olan dostluq münasibətlərinin daha da gücləndirilməsi, eləcə də iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafı üçün lazımi təşəbbüslərin göstərildiyini dilə gətirib.

    G.İvanov Azərbaycan ilə Makedoniya arasındakı dostluq münasibətlərinin, ikitərəfli əməkdaşlığın inkişafının bundan sonra da xalqlarımızın rifahına xidmət etməsini arzu edərək, Prezident İlham Əliyevə və Azərbaycan xalqına salamlarının çatdırılmasını xahiş edib.

    Səfər çərçivəsində Makedoniya prezidenti kabinetinin xarici məsələlər üzrə dövlət müşaviri Darko Kostadinovski ilə görüş keçirilib. Görüş zamanı Makedoniya prezidentinin bu ilin aprel ayında Bakıya nəzərdə tutulmuş səfəri, eləcə də qarşılıqlı olaraq ali səviyyəli səfərlərin reallaşdırılması imkanları müzakirə edilib.

    Daha sonra Makedoniya Xarici İşlər Nazirliyinin qeyri-Avropa ölkələri ilə ikitərəfli əlaqələr idarəsinin rəisi Osvit Rosokliya və həmin nazirliyin diplomatik protokol idarəsinin rəis müavini Hriste Koteski ilə görüşlər keçirilib. Görüşdə ikitərəfli hüquqi bazanın təkmilləşdirilməsi, iqtisadi əməkdaşlıq, sərmayələrin cəlb olunması, yüksək səviyyəli və xarici işlər nazirləri səviyyəsində səfərlərinin təşkili, mədəniyyət sahəsində mübadilə, parlamentlərarası əməkdaşlıq, XİN-lərarası siyasi məsləhətləşmələrin keçirilməsinə dair məsələlər müzakirə olunub.

    F.Bağırov həmçinin Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat və materialları qarşı tərəfin diqqətinə çatdırıb.

    Bundan əlavə, səfər zamanı Makedoniyanın iqtisadiyyat naziri Bekim Neziri ilə görüş keçirilib. Görüş zamanı makedoniyalı nazir ölkəsində xarici sərmayələrin cəlb edilməsi və bu sərmayələrin qorunması üçün böyük imkanlar olduğunu, Makedoniyanın xarici sərmayələr üçün böyük fürsətlər yarada biləcəyini vurğulayıb. Nazir həmçinin Makedoniyanın Azərbaycanla iqtisadi sahədə, xüsusilə də enerji sektorunda əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

    F.Bağırov öz növbəsində Azərbaycanın müxtəlif sahələrdə sürətli inkişaf etdiyini qarşı tərəfin diqqətinə çatdıraraq, Azərbaycan ilə Makedoniya arasında iqtisadi əməkdaşlığın, o cümlədən qeyri-neft sektorunda işbirliyinin gücləndirilməsinin əhəmiyyət kəsb etdiyini vurğulayıb.

    Səfər zamanı Makedoniya prezidentinin kabineti tərəfindən müvafiq mədəniyyət proqramı təşkil edilib. Makedoniyanın Kruşevo şəhərinin tarixi və mədəniyyət abidələrini ziyarət proqram çərçivəsinə daxil olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi