Mahmud Məmmədquliyev "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının qeyri-rəsmi görüşündə iştirak edib

Mahmud Məmmədquliyev "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının qeyri-rəsmi görüşündə iştirak edib İclasda "Şərq tərəfdaşlığı" ölkələrinin noyabr ayında keçiriləcək sammitinə hazırlıq məsələləri müzakirə edilib
Xarici siyasət
10 İyul , 2017 15:34
Mahmud Məmmədquliyev Şərq Tərəfdaşlığı ölkələrinin XİN başçılarının qeyri-rəsmi görüşündə iştirak edib

Bakı. 10 iyul. REPORT.AZ/ Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Avropa İttifaqının (Aİ)  "Şərq tərəfdaşlığı" proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin bu gün Kişinauda keçirilən qeyri-rəsmi görüşündə iştirak edib.

"Report" xəbər verir ki, görüşdə proqrama daxil ölkələrin XİN başçılarından başqa, Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han iştirak edib.

İclasda "Şərq tərəfdaşlığı" ölkələrinin noyabr ayında keçiriləcək sammitinə hazırlıq məsələləri müzakirə edilib.

İclasa həsr olunmuş mətbuat konfransında M.Məmmədquliyev Azərbaycanın ən əsas problemini - Azərbaycan torpaqlarının işğalı və 1 milyona yaxın insanın qaçqın düşdüyü Dağlıq Qarabağ münaqişəsinin mövcudluğunu xatırladıb. Nazir müavini "Şərq Tərəfdaşlığı"nın növbəti sammitində proqrama üzv ölkələrdə mövcud olan bütün münaqişələr üzrə ümumi mövqe nümayiş olunacağına ümid etdiyini bildirib.

"Təəssüf ki, münaqişənin mövcud olduğu 25 il ərzində heç bir ciddi irəliləyiş olmayıb, status-kvo isə qəbuledilməzdir. Bunu ATƏT-in Minsk qrupuna üzv ölkələr də təsdiq edir", - M.Məmmədquliyev vurğulayıb.

O, münaqişə nəticəsində yalnız hərbçilərin yox, həm də mülki vətəndaşların həlak olduğunu diqqətə çatdırıb. Bu baxımdan, nazir müavini bu yaxınlarda ermənilərin atəşə tutduğu Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı qızın və onun nənəsinin qətlə yetirildiyini xatırladıb.

"Bu münaqişənin həlli üçün ciddi danışıqlarda iştirak etməyin vaxtı yetişib. Sammitdə bu mövqenin nümyiş olunacağına, keçən dəfəki kimi selektiv yanaşma olmayacağına ümid edirik. Sammitin Avropa İttifaqı və Azərbaycan arasında strateji tərəfdaşlıq barədə yeni sazişə müsbət yanaşmaların da diqqətə alınacağına ümid edirik. Həmçinin sammitə qədər aviasiya sahəsində saziş üzrə məsələni həll edəcəyimizə ümidvarıq", - M.Məmmədquliyev bildirib.

Nazir müavini eyni zamanda Azərbaycanın reallaşdırdığı layihələr, məsələn, Cənub Qaz Dəhlizi layihəsinə toxunub və bu layihənin təkcə Azərbaycana deyil, bütünlükdə Avropaya faydalı olacağını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi