Yuxarı
    Bağlamaq

    Mahmud Məmmədquliyev: "QDİƏT 25 illik müddət ərzində öz səmərəliliyini göstərə bilməyib"

    Bunun əsas səbəbi təşkilata üzv olan ölkələr arasındakı mövcud münaqişələrdir© Report.az

    İstanbul. 21 may. REPORT.AZ/ "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı bu 25 illik müddət ərzində öz səmərəliliyini göstərə bilməyib. Bunun əsas səbəbi təşkilata üzv olan ölkələr arasındakı mövcud münaqişələrdir".

    Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

    Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) 25 illik yubileyinə həsr olunmuş zirvə toplantısında iştirak edən nazir müavini media nümayəndələri üçün qapalı keçən və 12 ölkənin konsensus yolu ilə qəbul edə biləcəyi bəyannamə haqqında danışıb:

    "Burada əsas məsələ bu gün QDİƏT-in 25-ci ildönümündə təşkilata üzv ölkələrlə bərabər yekun bəyannamənin qəbul olunmasıdır. Mən artıq bu mövzu ətrafında iclaslarda fikirlərimi bölüşmüşəm. Nəzərə almaq lazımdır ki, QDİƏT bu 25 illik müddət ərzində öz səmərəliliyini göstərə bilməyib. Bunun əsas səbəbi təşkilata üzv olan ölkələr arasındakı mövcud münaqişələrdir. Burda bir neçə ölkələr müharibə şəraitində yaşayır. Onların əraziləri işğal olunub, əhalisi qətlə yetirilib. Qəbul olunacaq bu sənəddə əsas məsələ dövlətlərin suverenliyi, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş ərazi bütövlüyüdür. Ancaq təəssüf ki, bu məsələnin həlli o qədər də asan deyil. Çünki bəyannamə konsensus əsasında qəbul olunacaq. Ermənistan da, bu vəziyyətdən istifadə edir və bəyannaməyə öz dəstəyini vermir. Baxmayaraq ki, digər ölkələr bu bəyannaməyə razılıq verib. Nəticə sabah məlum olacaq, gözləyək görək. Bəlkə razılaşma əldə oluna bilər".

    Qeyd edək ki, QDİƏT-in 25-ci ildönümünə həsr olunmuş yubiley sammiti dövlət və hökumət başçılarının iştirakı ilə sabah keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi