Macarıstanın Baş naziri: "Yorulmaz fəaliyyət və uğur özünü büruzə verir. Mən bunu Azərbaycanda görürəm"

Macarıstanın Baş naziri: "Yorulmaz fəaliyyət və uğur özünü büruzə verir. Mən bunu Azərbaycanda görürəm" "Azərbaycanın mövqeləri, çəkisi gözəçarpan dərəcədə artıb"
Xarici siyasət
6 Mart , 2016 20:52
Macarıstanın Baş naziri: Yorulmaz fəaliyyət və uğur özünü büruzə verir. Mən bunu Azərbaycanda görürəm

Bakı. 6 mart. REPORT.AZ/ "Mən 1990-1991-ci illərdə, sonrakı illərdə Azərbaycandakı vəziyyəti bilirdim. Mən yenidən Sizin ölkənizə səfər edərkən gördüm ki, hərtərəfli inkişaf təmin edilir. Tarixi kitablarda bu haqda nə vaxtsa yazsalar, bu dövrü məhz xüsusi inkişaf dövrü kimi təsvir edəcəklər. Çünki Azərbaycan demək olar ki, çıxılmaz bir vəziyyətdən inkişaf etməyə başladı. Hətta deyərdim ki, bütün dünyada hamı buna qısqanclıqla yanaşırdı". "Report" xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfəri çərçivəsində mətbuata bəyanatında deyib.

Orban bəyanatında deyib: "Buna görə sizinlə təmasları qurduğumuz zaman Sizə hörmət və ehtiramımızı bildirdik ki, son 20 ildən artıq müddət ərzində bu cür nəticələr əldə edilibdir.

Təbii ki, bu nailiyyətlər üçün çox vaxt tələb olunur. Bu uğurlarda xalqın dəstəyi və digər amillər mühüm rol oynayır. Lakin bu halda təbii ki, liderlərə böyük ehtiyac duyulur. Həmin liderlər ölkəni xüsusi bir yolla irəliyə doğru aparırlar. Biz bunu gizlətmirik və cənab Prezident Əliyevin səylərini, fəaliyyətini çox yüksək dəyərləndiririk. Çünki biz görürük ki, nəhəng inkişaf templəri var və bu, Azərbaycanın, ümumiyyətlə, Azərbaycanda rəhbər şəxslərin, xalqın böyük səyləri nəticəsində baş verir. Lakin dünyada uğurları hər zaman belə asancasına etiraf etmirlər. Burada bir çox səbəblər ola bilər. Yorulmaz fəaliyyət və uğur özünü gec və ya tez büruzə verir. Mən bunu Azərbaycanda görürəm".

Macarıstanın Baş naziri bildirib ki, son 2-3 il ərzində Azərbaycanın mövqeləri, çəkisi gözəçarpan dərəcədə artmışdır: "Bu gün Avropa İttifaqına gəldikdə, biz həmin perspektivdən Azərbaycana baxdıqda sabit, uğurlu inkişafını təmin etmiş ölkəni görürük. Bu da Şərq ilə Qərb arasında uzunmüddətli əməkdaşlığa verdiyiniz töhfənizlə bağlıdır. Biz elə bir ölkə görürük ki, onun çox zəngin milli mənəvi ənənələri var. Bununla belə, bu ölkə, eyni zamanda, Avropa dəyərlərinin xüsusi elementlərini də nəzərdən keçirir. Bu, əvəzedilməz bir zənginlikdir. Məhz bu səbəblərə görə son 2-3 il ərzində ölkənizin nüfuzu artıb".

O, qeyd edib ki, bu gün neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar bəzi iqtisadi çətinliklər də müşahidə edilir. Lakin Siz bu yeni sistemə çox yaxşı reaksiya verərək uyğunlaşırsınız və bu dövr, həmçinin digər yeni imkanları da açır: "Buna görə bizim əməkdaşlığımız üçün yeni imkanlar yaranır. Çünki iqtisadi siyasətə gəldikdə, bu siyasəti artıq əvvəlki kimi həyata keçirmək mümkün deyil. Əvvəlcə neftin qiyməti fərqli idi. Ona görə biz bu yeni vəziyyətə uyğunlaşmalıyıq və bunu birgə edə bilərik. Həmçinin bizim elə təcrübəmiz vardır ki, biz ondan öz əməkdaşlığımızda istifadə edə bilərik".

Viktor Orban daha sonra deyib: "Zənnimcə, Azərbaycan elə bir ölkədir ki, bu dövrdən hətta daha güclü mövqe ilə çıxacaq. Yəni, daha şaxələndirilmiş iqtisadiyyat qurulacaq və biz macarlar da bu prosesdə iştirak edə biləcəyik. Həmçinin biznes sahəsində də belə olacaq. Tələbələriniz ölkəmizdə təhsil almaqla biz bu münasibətləri daha da gücləndirəcəyik. Mən buraya bu fikirlərimi bildirmək üçün gəlmişəm.

Qeyd etmək istəyirəm ki, bizim sonuncu görüşümüzdən sonra ölkələrimiz arasında əməkdaşlıq daha da fəallaşıb. Bu, bir daha onu göstərir ki, biz gərək hər il yüksək səviyyədə görüşləri təşkil edək və bununla həm humanitar, həm iqtisadi sahələrin inkişafına təkan verək. Biz Macarıstana - öz ölkəmizə xalqlarımız arasında dostluğun gücləndirilməsi, iki dövlətin rəhbərləri arasında şəxsi münasibətlərin daha da möhkəmləndirilməsi ümidi ilə qayıdacağıq. Biz istərdik ki, Macarıstan ilə Azərbaycan arasında olan münasibətlər xalqlarımızın mənafelərinə xidmət etsin”.

Son xəbərlər

Orphus sistemi