Macarıstanda "Soyqırımı - tarixin yaddaşından silinməyən qara ləkə" adlı elmi-praktiki konfrans keçirilib

Macarıstanda "Soyqırımı - tarixin yaddaşından silinməyən qara ləkə" adlı elmi-praktiki konfrans keçirilib Konfrans erməni millətçilərinin Anadolu və Cənubi Qafqazda türklərə və azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərinə həsr edilib
Xarici siyasət
18 May , 2015 19:13
Macarıstanda Soyqırımı - tarixin yaddaşından silinməyən qara ləkə adlı elmi-praktiki konfrans keçirilib

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan və Türkiyənin Macarıstandakı səfirliklərinin dəstəyi, Türkiyənin Uluslararası Kalkınma və İş Birliyi Dərnəyi (UKİD) və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Budapeştdə Yunis Əmrə Mədəniyyət İnstitutunda "Soyqırımı həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması" layihəsi çərçivəsində "Soyqırımı - tarixin yaddaşından silinməyən qara ləkə" adlı elmi-praktiki konfrans keçirilib. 

Səfirlikdən "Report"a verilən məlumata görə, konfrans XX əsrin ilk iki onilliyində erməni millətçilərinin Anadolu və Cənubi Qafqazda türklərə və azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərinə həsr edilib.

Konfransda UKİD başqanı Şəfik Kantar, Macarıstan parlamentinin üzvü, "Daha yaxşı Macarıstan Uğrunda" Partiyasının sədri Vano Qabor, Azərbaycan və Türkiyənin Macarıstandakı səfirləri Vilayət Quliyev və Şakir Fakılı giriş sözü ilə çıxış ediblər. Onlar öz çıxışlarında uzun on illər boyu dünyanı mifik "erməni soyqırımına" inandırmağa çalışan Ermənistanın həm əsrin əvvəllərində, həm də sonunda Anadolu və Azərbaycan türklərinə qarşı soyqırımı aktı həyata keçirdiklərini xüsusi vurğulayıblar. Macarıstanın Parlamentdə təmsil olunan ikinci böyük siyasi partiyasının lideri Vano Qabor bu gün də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində davam etməkdə olan erməni işğalını etnik təmizləmə və soyqırımı təşkilatçılarının əslində kim olduğunu göstərdiyini vurğulayıb.

Türkiyə Böyük Millət Məclisinin üzvü, professor Seyid Sərtçəliyin, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə tarix doktoru Vasif Qafarovun, İstanbuldakı Gəlişim Universitetinin dosenti, beynəlxalq əlaqələr üzrə mütəxəssis Raqib Qutay Qaracanın məruzələri XIX əsrin sonlarından etibarən 1920-ci ilə qədər erməni silahlı dəstələrinin və 1918-ci ildə qurulan Ermənistan Respublikasının Anadolu və Azərbaycan türklərinə münasibətdə ardıcıllıq və xüsusi amansızlıqla həyata keçirdikləri soyqırımı siyasətinin müxtəlif aspektlərinə həsr olunub.

Konfransda Macarıstan parlamentinin Türkiyə və Azərbaycan parlamentləri ilə dostluq qruplarının üzvləri, tarixçi alimlər, diplomatik korpus təmsilçiləri, Macarıstandakı Türkiyə və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Konfrans çərçivəsində azərbaycanlı alim Vasif Qafarovun macar dilində çap olunan və ermənilərin XX yüzillikdə Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri xroniki ardıcıllıqla əks etdirən "Tarixdən silinməyən qanlı ləkə - soyqırımı" kitabının təqdimat mərasimi də keçirilib.

Son xəbərlər

Orphus sistemi