Yuxarı

​Macarıstan parlamentinin deputatı: "İndiyədək "erməni soyqırımı" məsələsi birtərəfli şəkildə araşdırılıb"

Budapeştdə Gizlin həqiqətlər: 1915-1918-ci illərdə Anadolu və Cənubi Qafqazda erməni məsələsi adlı konfrans keçirilib

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan və Türkiyənin Macarıstandakı səfirliklərinin birgə təşəbbüsü ilə macar ictimaiyyətini dünya miqyasında 100 illiyi geniş təbliğ olunan qondarma "erməni soyqırımı" haqqında obyektiv məlumatlandırmaq məqsədilə Budapeşt şəhərindəki Yunis İmrə Türk Mədəniyyəti İnstitutunda "Gizlin həqiqətlər: 1915-1918-ci illərdə Anadolu və Cənubi Qafqazda erməni məsələsi" adlı konfrans keçirilib.

Bu barədə "Report"a Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

Konfransa moderatorluq edən Macarıstan parlamentinin deputatı Tamaş Hegedüş indiyə qədər bir sıra dünya ölkələrində "erməni soyqırımı" məsələsinin birtərəfli şəkildə, daha çox erməni mövqeyindən araşdırıldığını bildirərək fərqli baxışın aşkara çıxarılmasının və dünya miqyasında geniş yayılmasının zəruriliyini vurğulayıb.

Türkiyə Cümhuriyyətinin və Azərbaycan Respublikasının Macarıstandakı səfirləri Şakir Fakılı və Vilayət Quliyev konfrans iştirakçılarına müraciətlə iki qardaş ölkədə bu gün də gündəmdən düşməyən "erməni məsələsi"nin həqiqi mahiyyəti və onun törətdiyi fəsadlar haqqında məlumat veriblər.

Ankaradakı Bilkənt Universtetinin professoru Ceremi Mill Saltın məruzəsində Daşnaksütyun partiyasının rəhbərliyi altında erməni silahlı birləşmələrinin Anadoluda, AMEA Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlovanın məruzəsində isə Azərbaycanda törətdikləri soyqırımı aktları barəsində fakt və slaydların köməyi ilə geniş məlumat verilib. Azərbaycanlı məruzəçi daşnakların bolşevikərlə əməkdaşlığı şəraitində 1918-ci ilin martında Bakıda, Qubada, Şamaxıda ermənilər tərəfindən milli zəmində törədilən dəhşətli cinayətlər haqqında daha ətraflı məlumat verib. Məruzəçilər konfrans iştirakçılarının suallarını da cavablandırıblar.

Konfrans cərçivəsində Budapeştdəki Azərbaycan səfirliyinin Dağlıq Qarabağ münaqişəsi və Azərbaycandakı erməni terrorunun facıəli səhifələri haqqında çap etdiyi kitab və broşürların sərgisi də təşkil olunub.

Konfransın işində Macarıstan Parlamentinin keçmiş sədri Katalin Haza, millət vəkilləri, müxtəlif ölkələrin Budapeştdə akkreditə olunan diplomatları, alimlər, jurnalistlət, türk və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi