Lvov qubernatoru: “Azərbaycanla əməkdaşlıq üzrə saziş imzalasaq da, çox az iş görülüb”

Lvov qubernatoru: “Azərbaycanla əməkdaşlıq üzrə saziş imzalasaq da, çox az iş görülüb” Ukraynanın Lvov vilayətinin qubernatoru Maksim Kozitskiynin “Report”un Şərqi Avropa bürosuna müsahibəsi.
Xarici siyasət
170
14 Oktyabr , 2021 12:05
Lvov qubernatoru: “Azərbaycanla əməkdaşlıq üzrə saziş imzalasaq da, çox az iş görülüb”
Maksim Kozitskiy

Ukraynanın Lvov vilayətinin qubernatoru Maksim Kozitskiyin “Report”un Şərqi Avropa bürosuna müsahibəsi.

- Azərbaycan və Ukraynanın regionlararası əlaqələrinin inkişaf səviyyəsini necə qiymətləndirirsiniz? Hansı sahələrdə əməkdaşlığın dərinləşdirilməsi zəruridir?

- Bilirsiniz, məsələyə necə baxmaqdan asılıdır. Ölkələrimiz 30 ildir müstəqildir. 20 il əvvələ baxsaq, ticarət dövriyyəsi 5-10 milyon avro civarında idi, indi isə 600 milyon avro həcmindədir. Bu çoxdur, ya az? Ümumi tarixi olan bizim kimi ölkələr üçün bu, çox azdır. Düzdür, dövriyyə artır, amma bu, kafi deyil. Yəqin əməkdaşlıq da əvvəlki ənənəvi əməkdaşlıq sahələrini əhatə edir. Buraya yüngül sənaye, qida sənayesi və s. daxildir. Amma bu əməkdaşlığın yeni sahələrdə də inkişaf etməsini istərdim. İqtisadiyyat dəyişib, odur ki, İT, kosmik, maşınqayırma, aviasiya sferalarında da əməkdaşlığı inkişaf etdirmək lazımdır. Azərbaycan şirkətlərinin Ukraynadakı mövcudluğuna baxsaq, ilk növbədə SOCAR-ı qeyd etmək lazımdır. Orada təqdim olunan xidmətin səviyyəsi fantastikdir. Bu, hər bir şirkətin qarşısına məqsəd qoymalı olduğu səviyyədir. Ukraynada belə tərəfdaşımızın olduğuna görə şadıq.

- Lvov vilayətinin şəhərlərindən biri ilə Azərbaycanın işğaldan azad edilmiş şəhərlərindən biri qardaşlaşa bilərmi?

- Xarici ölkələrin səfirləri ilə görüşlərimiz çərçivəsində ilk görüşlərdən biri Azərbaycanın Ukraynadakı əvvəlki səfiri ilə olub. Onunla ölkələr və vilayətlər arasında əməkdaşlıq məsələlərini müzakirə etdik. Bizim Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlığımız var. Amma hələ bu saziş üzrə çox az iş görülüb. Əməkdaşlığımızı dərinləşdirmək istərdik. Biz əməkdaşlıqda yeni mərhələyə hazırıq. Yeri gəlmişkən, Azərbaycan hər zaman, bütün beynəlxalq platformalarda Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Ukrayna da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

- Yəqin işğaldan azad olunmuş ərazilərdə böyük turizm potensialı olduğunu bilirsiniz. İki turizm mərkəzi olan şəhərlər, məsələn, Şuşa ilə hansısa şəhəriniz arasında qardaşlaşma olması ilə bağlı hər hansı təklif varmı?

- Bizdə də gözəl turizm məkanları var – Truskovets, Sxodnitsa, Borislav. Sadaladığım yerlərdə ənənəvi olaraq çox sayda azərbaycanlı istirahət edir. Hazırda Azərbaycan Ukraynaya gələn turistlərin vətənləri baxımından ilk beşliyə düşür. Yəqin ki, belə şəhərlərlə əməkdaşlığı dərinləşdirmək və belə müqavilələr bağlamaq maraqlı olar.

- Ukrayna islahatlar mərhələsindən keçir. Təmsil etdiyiniz vilayət bu prosesdə hansı addımları atır?

- Ukraynada, o cümlədən Lvov vilayətində bu təşəbbüsləri təşviq etdiyinə görə Ukrayna Prezidentinə böyük təşəkkür düşür. “Böyük tikinti” layihəsini götürsək, hər vilayət hər il minimum 5 məktəb, 5 bağça və 5 stadion tikir. Eyni zamanda, yollar salınır, infrastruktur yaxşılaşdırılır, ən ucqar kəndlərə belə internet xətti çəkilir, inzibati xidmətlər göstərilməsi üçün mərkəzlər salınır. Buna qədər kağız sənədlərlə, vəzifəli şəxslərlə görülən işlər artıq elektronlaşdırılır. Bu həmçinin korrupsiya əməllərinin sayını da xeyli azaldacaq. Səhiyyə sistemində islahatlar aparılır, xəstəxanalar yenilənir. Gələn il üçün qarşıya qoyulmuş tapşırıq hər vilayətdə, o cümlədən də Lvovda çoxprofilli uşaq xəstəxanası və böyüklər üçün xəstəxananın bərpa edilməsi və ya tikilməsidir. Həmçinin abidələrin bərpası ilə bağlı layihə maraqlıdır. UNESCO-nun siyahısına daxil edilən abidələrin 75 faizi Lvov vilayətində yerləşir. Bizim üçün Prezidentin təşəbbüsü çox vacibdir. Vilayətimiz qərbdə yerləşdiyindən bizim üçün ölkənin Avropa cəmiyyətinə inteqrasiyası baxımından yeni buraxılış məntəqlərinin tikilməsi, avtomobil və dəmir yolu xətlərinin inteqrasiyası əhəmiyyətlidir. Buraya Avropanın vahid elektrik xətti sisteminə birləşmə də daxildir, bu proses 2023-cü ilə qədər başa çatdırılmalıdır. Prezidentin bütün təşəbbüslərini həyata keçirmək lazımdır.

- Əvvəllər Ukraynada korrupsiya halları və kriminal durumlar çox olurdu. Nəticədə əcnəbi biznesmenlər investisiya qoymaqdan çəkinirdi. Bu gün belə halların olmayacağına zəmanət varmı?

- Qarşıya qoyulan əsas vəzifə biznesin düzgün aparılması üçün şərait və mühitin yaradılmasıdır. Buna da çalışırıq. Ötən ay Dövlət Memarlıq və İnşaat İnspeksiyası ləğv edilib və inşaat sferasında tənzimləyici olan yeni orqan yaradılıb. Həmçinin hazırda hüquq-mühafizə orqanlarında yenilənmə gedir və İqtisadi Təhlükəsizlik Bürosu fəaliyyətə başlayacaq. O da biznesin müdafiəsi üçün bir alət olacaq. Öz adımdan deyə bilərəm ki, Lvov vilayətində biznesin sərbəst və təhlükəsiz olması üçün hər şeyi edəcəyik.

- Demək, zəmanət var?!

- Bəli.

- Etnik xalqların, o cümlədən azərbaycanlıların ümumilikdə bu islahatlardakı, o cümlədən vilayət iqtisadiyyatının inkişafındakı rolunu necə görürsünüz?

- Lvov vilayətidaim qonaqpərvər olması ilə seçilib. Tarix boyu burada çox sayda xalqın nümayəndəsi yaşayıb, onlardan hər biri Ukraynada özünü evdəki kimi hiss edib. Onlar üçün Ukrayna və Lvov vilayəti vətən olub. Bizim üçün fərqli xalqlara məxsus biznes və insanların olması, onların dövlətimizin inkişafına hansısa müsbət təkan verməsi xoşdur.

- Necə düşünürsünüz, azərbaycanlılar Lvovun iqtisadi, siyasi və ictimai həyatında fəaldırlarmı?

- Vilayətimizdə azərbaycanlıların iki ictimai təşkilatı var. Bizdə müxtəlif millətlərin və ənənələrin inkişafına cavabdeh olan departament var. Əlbəttə, insanların fəal olmasını istərdim. Amma bunu təkcə azərbaycanlılar baxımından demirəm, ümumilikdə deyirəm.

- Ukrayna bu gün müharibə şəraitində yaşayır. Ona görə də təkcə ukraynalıların yox, həm də etnik azlıqların birləşməsinə ehtiyac duyur. Eyni zamanda, Ukraynada çox sayda azərbaycanlı gənc yaşayır. Sizdə bu gənclərin Ukrayna həqiqətləri ətrafında səfərbərliyi, onların Ukraynanın mübarizəsini dəstəkləməsi üzrə hansısa plan varmı?

- Hesab edirəm ki, vətənpərlik hissini bağçadan aşılamaq lazımdır. Bununla həm ailələr, həm də ölkə məşğul olmalıdır. Uşaqlara Ukraynanın nə olduğunu, nə üçün öz ölkəmizə - müxtəlif xalqların birgə yaşaya biləcəyi ölkəyə ehtiyac olduğunu izah etsək, onlar da bu ruhda böyüyəcək, vahid məqsəd ətrafında birləşəcəklər və özləri əllərinə silah alıb ölkələrini qoruyacaqlar, o cümlədən də azərbaycanlılar.

- Azərbaycan diasporu ilə əlaqələriniz hansı səviyyədədir?

- Bir neçə dəfə Lvovda diaspor nümayəndələri ilə görüşmüşəm. Qardaşım Stepan hazırda Ukrayna-Azərbaycan Dostluq Təşkilatının rəhbəridir...

- Azərbaycan diasporundan kimlərləsə əlaqəsi varmı? Məsələn, bizim təşkilatlar var...

- Bunu onun özündən soruşmaq lazımdır.. Eşitdiyim qədəri ilə, Ukrayna Azərbaycanlıların Birləşmiş Diasporu təşkilatı var (sədr Hikmət Cavadov-red). Normal fəaliyyət göstərirlər. Ümumiyyətlə, azərbaycanlılarla münasibətim barədə danışarkən qeyd etməliyəm ki, babam Əsgər Aslanov azərbaycanlı olub. O, Dağıstanda yaşayıb. Anam da yarı azərbaycanlıdır. Çox sayda qohumum indi də Dağıstanda yaşayır, bəziləri isə ora-bura köçüblər. Anasının əmisi qızı isə hazırda Bakının Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının direktorudur. Odur ki, əlaqələrimizi daim davam etdiririk. Balaca olarkən hər yayı Xəzərin sahilində keçirərdim. Babamın əlindən tutun gəzərkən hamının ona necə hörmət etdiyini görürdüm. İnsanların hörmətini qazanması baxımından həmişə ona oxşamaq istəmişəm. Xəstəxanın baş hakimi olmuşdu və 84 yaşına qədər işləmişdi. Ləyaqətli insan olduğundan yolda, küçədə, bazarda hamı onunla hörmətlə görüşərdi.

Son xəbərlər

Orphus sistemi