Yuxarı

​Lukaşenko və Marqvelaşvili Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

“Sizi milli bayramınız - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm”

Bakı. 24 may. REPORT.AZ/ Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. “Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi Belarus xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Belarus Azərbaycanın etibarlı dostudur və ikitərəfli strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcək.

Əminəm ki, Belarus və Azərbaycan xalqları arasında münasibətlərin potensialının reallaşdırılması qarşılıqlı siyasi və iqtisadi əlaqələri əhəmiyyətli dərəcədə möhkəmlətməyə, iqtisadiyyatlarımızın gələcək inkişafı, beynəlxalq arenada dost ölkələrimizin rolunun artırılmasına xidmət edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq diləyirəm”.

Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvilinin təbrik məktubunda isə deyilir:

“Hörmətli cənab Prezident.

Sizi milli bayramınız - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu gözəl gündə xatırlamaq xoşdur ki, Azərbaycan xalqı uğurlu və müstəqil dövlət qurmaq yolunda böyük çətinlikləri dəf edib. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, bu gün biz Azərbaycanın firavan ölkə olduğunun və beynəlxalq arenada layiqli yer tutduğunun şahidiyik. Strateji əməkdaşlığımızı nəzərə alaraq, əmin olduğumu bildirirəm ki, Gürcüstan ilə Azərbaycan arasındakı tarixi dostluq münasibətləri və sıx əməkdaşlıq ölkələrimiz və xalqlarımız naminə birgə səylərimiz nəticəsində gələcəkdə daha da dərinləşəcək.

Bu xoş fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Zati-aliləri, Sizə bir daha öz dərin ehtiramımı ifadə edir və qardaş Azərbaycan xalqına sülh, sabitlik, rifah arzulayıram”.

Bundan başqa, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç, Bolqarıstan prezidenti Rosen Plevneliev və Serbiya baş naziri Aleksandr Vuçiç Azərbaycanın dövlət başçısını təbrik ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi