Yuxarı

​Lukaşenko: "Azərbaycanla əməkdaşlığımız kimlərinsə xoşuna gəlmirsə, bu, onların problemidir"

Bizim sizinlə əməkdaşlığımız Belarusda vilayətin vilayətlə əməkdaşlığı kimidir

Bakı. 29 noyabr. REPORT.AZ/ "Bizim münasibətlərimizdə heç bir ehtiyatlanmalı və qapalı mövzu yoxdur. Bizim sizinlə əməkdaşlığımız Belarusda vilayətin vilayətlə əməkdaşlığı kimidir. Bizim əməkdaşlığımız bu səviyyədədir. Əgər bu, kimlərinsə xoşuna gəlmirsə, bu, onların problemidir".

"Report" xəbər verir ki, bu sözləri noyabrın 28-də Minskə səfər edən Azərbaycan prezidenti İlham Əliyev ilə təkbətək görüş zamanı Belarus lideri Aleksandr Lukaşenko bildirib.

"Əziz İlham Heydər oğlu, icazə verin, bütün dünya və yəqin ki, xüsusən bizim üçün bu çətin vaxtda sizi Belarusda salamlayım.

Sizin - bizim həmfikrimizin, mənim böyük dostumun, - Belarusda bunu bilirlər, - ümumiyyətlə, Belarus xalqının dostunun gəlişi mənə çox xoşdur. Sizi burada salamlamaq, ölkələrimiz üçün gördüyünüz bütün işlərə görə sizə təşəkkür etmək istəyirəm", - deyə o bildirib.

Söhbətinə davam edən Lukaşenko qeyd edib ki, "biz Belarus-Azərbaycan münasibətləri ilə ciddi məşğul olmağa başlayanda əmtəə dövriyyəsi də artdı, müxtəlif problemli siyasi məsələlər də aradan qalxdı. Bizim şəxsi münasibətlərimiz elədir ki, Allah eləsin, hər bir rəhbərlə mənim münasibətim belə olsun. Ümumiyyətlə, biz bu niyyətdəyik və vaxtilə sizinlə razılaşmışdıq ki, maksimum nəticə əldə etməyə çalışacağıq. Bununla belə, iqtisadi baxımdan bu çətin dövrdə biz əmtəə dövriyyəsini təxminən ən yaxşı vaxtlarda olduğu səviyyədə saxlayırıq. Hərçənd, bütün ölkələrlə bizim əmtəə dövriyyəsi xeyli azalıb. Buna görə də biz münasibətlərimiz üçün böyük işlər görmüşük, yaxşı təməl yaratmışıq. Biz hər il yüksək səviyyədə ünsiyyət təcrübəsi yaratmışıq – bir il bizdə, o biri il sizdə. Ümidvaram ki, hər şey normal olacaq və gələn dəfə mən Sizin ölkəyə, günəşli gözəl Bakı şəhərinə səfərə gələ biləcəyəm. Bütün sahələrdə bizimlə əməkdaşlıq etdiyinizə görə sağ olun".

"Bir daha bəyan etmək istəyirəm ki, bizim münasibətlərimizdə heç bir ehtiyatlanmalı və qapalı mövzu yoxdur. Bizim sizinlə əməkdaşlığımız Belarusda vilayətin vilayətlə əməkdaşlığı kimidir. Bizim əməkdaşlığımız bu səviyyədədir. Əgər bu, kimlərinsə xoşuna gəlmirsə, bu, onların problemidir. Bizdə qadağan edilmiş mövzular yoxdur. Buna görə də Siz Belarusa həmişə bel bağlaya bilərsiniz. Bir daha vurğulamaq istəyirəm ki, çətin vaxtda sizin heç nəyə baxmadan bizə kömək etməyinizi heç vaxt unutmuruq. Nə vaxtsa məsələləri bir neçə günün içində dostcasına necə həll etməyin lazım olduğunu təfərrüatı ilə danışmaq mümkün olacaq, o cümlədən böyük maliyyə məsələlərini. Biz həmişə sözümüzə əməl edən adamlar olmuşuq. Siz buna bir daha əmin oldunuz. Amma buna baxmayaraq, xüsusən çətin dövrdə göstərdiyiniz dəstəyə və köməyə görə Sizə çox minnətdaram", - deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi