Yuxarı
    Bağlamaq

    Los-Ancelesdəki yəhudi dini mərkəzində Azərbaycandakı tolerantlığına dair tədbir keçirilib

    Tədbirdə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev məruzə ilə çıxış edib

    Bakı. 21 sentyabr. REPORT.AZ/ Los-Ancelesin ən nüfuzlu və qabaqcıl yəhudi dini ocaqlarından olan “University” sinaqoqunda Azərbaycana həsr olunan geniş tədbir keçirilib.

    Bu barədə “Report”a Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib.

    Tədbirdə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev məruzə ilə çıxış edib.

    Sinaqoqun rəhbəri Ravvin Morli Faynstayn tədbiri açaraq, Azərbaycanın tolerantliq və multikulturalizm modelinin ibrətamiz xarakter daşıdığını, burada yəhudilərin minillərlə sülh və əmin-amanlıq şəraitində yaşadığını bildirib. O, 1940-cı illərdə Parisdə çalışmış və Holokost zamanı minlərlə yəhudini ölümdən xilas etmiş Azərbaycan əsilli diplomat Əbdül-Hüseyn Sərdari Qajarı misal gətirərək, tolerantlıq dəyərlərinin Azərbaycan xalqının kimliyinin və mədəniyyətinin daim ayrılmaz bir hissəsi olduğunu qeyd edib.

    Baş konsul N.Ağayev Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinin ictimai-tarixi köklərini izah edərək, bu gün ölkədə müxtəlif dinlər və millətlər arasında mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib. Diplomat deyib ki, mürəkkəb coğrafi-siyasi məkanda yerləşməsinə baxmayaraq, Azərbaycanın yarada bildiyi uğurlu multikulturalizm və tolerantlıq nümunəsi bu gün artıq beynəlxalq aləmdə mütərəqqi model kimi qəbul olunur və öyrənilir. 

    O bildirib ki, bir çox ölkələrdən fərqli olaraq bu gün Azərbaycanda nəinki müxtəlif dinlər, həmçinin şiə və sünnilər də mehriban şəraitdə birgə yaşayırlar. Baş konsul vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda dinlər və millətlərarası qarşılıqlı hörmət və etimad mühiti hər gün daha da güclənməkdə, müxtəlif mədəniyyətlər arasında mübadilə imkanları genişlənməkdədir.

    N.Ağayev həmçinin, Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasəti, Azərbaycanın ABŞ və İsrail ilə münasibətləri, eləcə də Azərbaycan xalqı ilə yəhudi xalqı arasındakı sıx tarixi dostluq əlaqələri barədə iştirakçıları məlumatlandırıb.

    ABŞ-da fəaliyyət göstərən hüquqşünas Maykl Tuşin hazırda dünyanın bir çox ölkələrində qanlı toqquşmaların, xüsusilə də dini zəmində şiddətli qarşıdurmaların yaşandığı bir dövrdə Azərbaycan kimi qədim tolerantlıq ənənələri və etiqadlararası güclü birgəyaşayış təcrübəsi olan bir modelin öyrənilməsinə böyük zərurətin olduğunu diqqətə çatdırıb. 

    M.Tuşin təmsil etdiyi sinaqoqun Azərbaycanı daha yaxından öyrənməyə və bu mütərəqqi modelin daha geniş ictimaiyyətə çatdırılmasına çalışacağını bildirib.

    Tədbirin qısa video-yazısı ilə bu link vasitəsilə tanış olmaq olar: 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi