Los Ancelesdə Ermənistanın işğalçılıq siyasətinə dair kitabça nəşr olunub

Los Ancelesdə Ermənistanın işğalçılıq siyasətinə dair kitabça nəşr olunub Kitabçanın ABŞ konqresmenlərinə, Kaliforniya və digər qərb ştatlarının qanunvericilərinə göndərilməsi planlaşdırılır
Xarici siyasət
20 İyul , 2017 09:03
Los Ancelesdə Ermənistanın işğalçılıq siyasətinə dair kitabça nəşr olunub

Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə Los Ancelesdə Ermənistan-Azərbaycan münaqişəsinə dair kitabça nəşr olunub.

Baş Konsulluqdan "Report"a verilən məlumata görə, kitabçanın nəşrində əsas məqsəd Ermənistanın işğalçılıq siyasəti barədə ABŞ ictimaiyyətinin müxtəsər və konkret şəkildə, dəqiq və tutarlı faktlarla məlumatlandırılmasıdır.

Nagorno-Karabakh: Background and Facts” (Dağlıq Qarabağ: Tarix və Faktlar) adlı kitabçada Ermənistanın ölkəmizə qarşı apardığı tarixi işğalçılıq və etnik təmizləmə siyasətindən bəhs olunur. Kitabçanın “Azərbaycana Qarşı Təcavüz” və “Azərbaycan Torpaqlarında Aparılan Etnik Təmizləmə” bölmələrində Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti faktlarla işıqlandırılır. Vurğulanır ki, dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Həmçinin, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qətnamələri, ABŞ prezidenti B.Klintonun, vitse-prezidenti D.Çeyninin və ABŞ Dövlət Departamentinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçılıq siyasətini pisləyən tarixi bəyanatları və digər hüquqi sənədlər də kitabçada öz əksini tapıb.

Kitabçanın, “Tarixi Faktlar” bölməsində isə Dağlıq Qarabağın tarixi haqqında məlumat verilir. Bildirilir ki, əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ tarixən müxtəlif Azərbaycan dövlətlərinin tərkibində olub və Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında böyük rol oynayıb. Sözügedən bölmədə, həmçinin Kürəkçay və Türkmənçay müqavilələrinin vurduğu ağır zərbələrdən danışılır, bu müqavilələr nəticəsində Dağlıq Qarabağın erməni əhalisinin süni şəkildə artırıldığına diqqət çəkilir.

Nəşrdə xüsusi bir bölmə isə Xocalı soyqırımına həsr olunub. Bildirilir ki, soyqırım nəticəsində aralarında uşaqlar, qadınlar və yaşlılar da olmaqla günahsız dinc Xocalı sakinləri Ermənistan qoşunları tərəfindən qətlə yetiriliblər.

Kitabçada Xocalı soyqırımı barədə beynəlxalq ictimaiyyətin maarifləndirilməsinə dair Azərbaycan tərəfindən aparılan məqsədyönlü işin, xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının müsbət nəticələr verdiyi diqqətə çatdırılaraq, bu qətliamın dünyanın artıq bir çox dövləti, eləcə də ABŞ-ın 22 ştatı tərəfindən pislənildiyi bildirilir.

Qeyd edək ki, oxucuların daha dolğun və müqayisəli şəkildə məlumatlandırılması üçün Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərimizdə mövcud olan mədəni-tarixi abidələrimizin, şəhər, kənd və qəsəbələrimizin müxtəlif illərə aid fotoşəkillərinə də yer verilir.

Kitabçanın ABŞ konqresmenlərinə, Kaliforniya və digər qərb ştatlarının qanunvericilərinə, ictimai-siyasi xadimlərə, KİV-lərə, elm və təhsil ocaqlarına göndərilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi