Los-Ancelesdə Azərbaycanla bağlı geniş təqdimat keçirilib

Los-Ancelesdə Azərbaycanla bağlı geniş təqdimat keçirilib Nəsimi Ağayev Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə tədbir iştirakçılarını məlumatlandırıb
Xarici siyasət
7 Noyabr , 2016 10:48
Los-Ancelesdə Azərbaycanla bağlı geniş təqdimat keçirilib

Bakı. 7 noyabr. REPORT.AZ/ ABŞ-ın nüfuzlu yəhudi təşkilatı olan Amerika Yəhudi Komitəsinin (AYK) və “Beverli Hils Emanuel Məbədi” sinaqoqunun birgə təşkilatçılığı ilə Azərbaycana dair geniş təqdimat keçirilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğdan "Report"a verilən məlumata görə, AYK-nin Los- Anceles üzrə regional nümayəndəliyinin vitse-prezidenti Culi Bram və “Beverli Hils Emanuel Məbədi”-nin dini rəhbəri Ravvin Sara Bassin tədbirin önəmindən danışıblar.

AYK-nin Azərbaycan ilə münasibətlərə böyük önəm verdiyini vurğulayan C.Bram Azərbaycanın nümayiş etdirdiyi multikulturalizm və tolerantlıq modelinin beynəlxalq aləm tərəfindən alqışlandığını və bütün dünyaya gözəl bir örnək olduğunu bildirib. Ravvin S.Bassin isə rəhbərlik etdiyi icmanın Azərbaycan ilə bağlı daha geniş bilgilərin əldə edilməsinə böyük marağının olduğunu, bu günkü tədbirin də məhz bu məqsədlə təşkil olunduğunu qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Azərbaycanın yerləşdiyi siyasi-coğrafi məkan barədə məlumat verərək, ölkənin qədim dövlətçilik ənənələrindən bəhs edib.

Azərbaycanın qədim dini tolerantlıq və multikulturalizm ənənələrindən bəhs edən N.Ağayev, ölkədə tarixən müsəlmanlar, xristiyanlar və yəhudilərin dinc və qarşılıqlı ehtiram şəraitində yaşadıqlarını, dinlərarası münasibətlərdə olduğu kimi, şiə-sünni münasibətlərində də yüksək harmoniyanın mövcud olduğunu və bu harmoniyanın dövlət tərəfindən hərtərəfli şəkildə təşviq olunduğunu diqqətə çatdırıb. Baş konsul bildirib ki, multikulturalizm və tolerantlıq Azərbaycan rəhbərliyinin xüsusi diqqəti və dəstəyi nəticəsində, dövlət siyasətinə çevrilib.

N.Ağayev, həmçinin, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb. Bu səpkidə Xocalı və yəhudi soyqırımları (Holokost) arasında güclü oxşarlıqlar olduğunu, hər iki soyqırımında bir tərəfin qarşı tərəfi tamamilə yox etmək niyyətilə qeyri-insani vəhşiliklər törətdiyini vurğulayıb. Diplomat həmçinin, İsrail prezidenti Reuven Rivlinin ötən il BMT-də etdiyi çıxışında Holokostdan sonra törədilmiş soyqırımları kontekstində Xocalı soyqırımını ayrıca vurğulamasının Azərbaycanda rəğbətlə qarşılandığını diqqətə çatdırıb.

Çıxışdan sonra baş konsul tədbir iştirakçılarını maraqlandıran müxtəlif sualları cavablandırıb.

Son xəbərlər

Orphus sistemi