Yuxarı

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibinin müavini ilə görüşüb

Görüşdə tərəflər IDEA-nın UNFCCC-yə üzvlüyü və s. sahələrdə mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Bakı. 5 dekabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva dekabrın 4-də Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibinin müavini Riçard Kinli ilə görüşüb.

Görüşdə Leyla Əliyeva UNFCCC-ni möhtəşəm Paris Konfransının keçirilməsi münasibətilə təbrik edib və tədbirin işinə uğurlar arzulayıb. Leyla Əliyeva, həmçinin Konfransın nəticəsi olaraq, beynəlxalq ictimaiyyətin artıq uzun müddətdir gözlədiyi iqlim dəyişikliyi üzrə universal sənədin qəbul olunacağına ümid etdiyini də bildirib.

Leyla Əliyeva təsisçisi və rəhbəri olduğu IDEA-nın həyata keçirdiyi milli və regional layihələr, eləcə də beynəlxalq tərəfdaşları barədə Riçard Kinliyə ətraflı məlumat verib. Qeyd olunub ki, cəmi 4 ildir fəaliyyət göstərən IDEA BMT-nin Ətraf Mühit Proqramı (UNEP), BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyasının (UNCCD) Tərəflər Konfransı, Ümumdünya Təbiət Fondu (WWF) və Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyi (IUCN) kimi aparıcı təşkilatlara üzv olub və bir çox digər beynəlxalq qurumlarla sıx əməkdaşlıq əlaqələri qurub.

Riçard Kinli IDEA-nın Azərbaycanda biomüxtəlifliyin bərpası və ictimai maarifləndirmə sahələrində geniş təcrübə qazandığını və bu baxımdan hər iki təşkilat arasında əməkdaşlıq üçün əlverişli zəmin olduğunu bildirib.

Görüşdə tərəflər IDEA-nın UNFCCC-yə üzvlüyü, Bakıda iqlim dəyişikliyinə həsr olunmuş beynəlxalq tədbirlərin keçirilməsi, yerli mütəxəssislər üçün təlim və treninqlərin təşkil olunması, iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması ilə bağlı qabaqcıl təcrübənin öyrənilməsi və s. sahələrdə mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Görüşdən sonra Leyla Əliyeva COP21 pavilyonlarına baş çəkib və növbəti COP22 Konfransına ev sahibliyi edəcək Mərakeşin ekspozisiyası ilə tanış olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva burada Mərakeşin ətraf mühit naziri xanım Hakima El Haite ilə görüşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi