Lavrov: “Azərbaycan öz vətəndaşları kimi Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazırdır”

Lavrov: “Azərbaycan öz vətəndaşları kimi Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazırdır” "Ermənistan rəhbərliyi son zamanlar status haqqında deyil, Qarabağın erməni əhalisinin hüquqlarının təmin edilməsi barədə danışır. Azərbaycan tərəfi bu məsələni müzakirə etməyə və onları ölkənin digər vətəndaşlarının malik olduğu hüquqlarla təmin etməyə h
Xarici siyasət
1 Dekabr , 2022 14:27
Lavrov: “Azərbaycan öz vətəndaşları kimi Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazırdır”

"Ermənistan rəhbərliyi son zamanlar status haqqında deyil, Qarabağın erməni əhalisinin hüquqlarının təmin edilməsi barədə danışır. Azərbaycan tərəfi bu məsələni müzakirə etməyə və onları ölkənin digər vətəndaşlarının malik olduğu hüquqlarla təmin etməyə hazırdır."

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropanın təhlükəsizlik problemlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Soçiyə gələndə Praqadan sənədi gətirmişdilər. Həmin sənəddə onların sülh müqaviləsini BMT Nizamnaməsini və Alma-Ata Bəyannaməsini rəhbər tutaraq imzalamaq istədikləri qeyd olunub. MDB-nin yaradılması haqqında Alma-Ata Bəyannaməsində isə aydın şəkildə qeyd olunub ki, yeni yaradılan dövlətlər arasında sərhədlər keçmiş SSRİ dövlətləri arasındakı inzibati sərhədlərə əsaslanır. Həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olub. Bu, həm Azərbaycan, həm Ermənistan, həm Fransa, həm də cənab Şarl Mişel tərəfindən sənəd çərçivəsində təsdiq olunub. Bu, təbii ki, gələcək işləri yüngülləşdirir, çünki Qarabağın statusuna necə yanaşmaq məsələsini həll edir”, - S.Lavrov deyib.

O, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində Rusiyanın səyləri barədə də danışıb: "Biz rəsmi Bakı və İrəvan ilə 10-a yaxın görüş keçirmişik. Azərbaycanın 44 günlük müharibədə qələbəsindən sonra Rusiya regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində tərəflərə kömək göstərməyə davam edir. Bundan başqa, Rusiyanın sərhədlərin delimitasiyası və sülh müqaviləsinin hazırlanması işində tərəflərə kömək etməsi barədə razılıq əldə olunub".

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) rəsmi Bakı ilə İrəvan arasındakı əlaqələrin normallaşdırılması prosesində özünü vasitəçi təqdim etməklə “dəfn olunmuş” ATƏT-in Minsk qrupunun yoxluğunu kompensasiya etməyə çalışır.

Son xəbərlər

Orphus sistemi