Çexiyanın sabiq prezidenti: "Yeni yolunu tapması üçün Rusiyaya şans verilməlidir"

Çexiyanın sabiq prezidenti: "Yeni yolunu tapması üçün Rusiyaya şans verilməlidir" Latviyanın sabiq dövlət başçısı: "Putinin danışıqları həmişə təhqirə oxşayır. Sanki digər ölkələri təhqir edir və hədələyir"
Xarici siyasət
28 Aprel , 2015 16:30
Çexiyanın sabiq prezidenti: Yeni yolunu tapması üçün Rusiyaya şans verilməlidir

Bakı. 28 aprel. REPORT.AZ/ "Vladimir Putinin məqsədi Sovet İttifaqını yenidən yaratmaqdır". "Report" xəbər verir ki, bunu III Qlobal Bakı Forumunun "Rusiya - Qərb münasibətlərinin prespektivləri" panelində Latviyanın keçmiş prezidenti Vayra Vike-Frayberqa deyib.

Rusiyanın son zamanlar Qərbə qarşı atdığı addımlara münasibət bildirən keçmiş prezident qeyd edib ki, Vladimir Putinin hərəkətlərini qabaqcadan proqnozlaşdırmaq olmur: "Bununla bağlı ümidsizəm, hətta növbəti 6 il ərzində belə nə baş verəcəyini deyə bilmərəm. Rusiya bizim yaxın və imperialist qonşularımızdan biridir. Biz bilmirik ki, onun məqsədi nədən ibarətdir. Vladimir Putinin danışıqları həmişə təhqirə oxşayır. Sanki digər ölkələri təhqir edir və hədələyir. Bu əvvəlki vəziyyətlərdən tam fərqlənir".

Keçmiş prezident bildirib ki, Rusiya xalqı indikindən tam fərqli, azad, avtoritar olmayan, repressiyaların baş vermədiyi sistemdə yaşayacağı təqdirdə xoşbəxt olacaq: "Hazırda Putin Rusiyada informasiyanı nəzarəti altına alıb və biz bunu çox gözəl bilirik. Biz kommunist əzablarından güclə qurtulub demokratik yola çıxmışıq. Krımın işğalından sonra dünyanın nizamı dəyişmişdi. Putinin məqsədi yenidən imperialist Sovet İttifaqını yaratmaqdır. O, vaxtilə Yekatrina və 1-ci Pyotr tərəfindən yaradılan və sonradan Stalinin genişləndirdiyi Rusiya İmperiyasını yenidən yaratmaq istəyir".

Çexiyanın sabiq prezidenti Vatslav Klaus isə Vayra Vike-Frayberqanın fikirləriylə razılaşmayıb. O bildirib ki, Azərbaycanda Dağlıq Qarabağ, Moldovada Dnestryanı, eləcədə Ukraynadakı münaqişə Rusiya-Qərb münasibətlərinin nəticəsi deyil: "Bu məsələlər Rusiya ilə düşmənçilik yolu ilə həll olunmayacaq".

Onun fikrincə, hazırda Rusiya-Qərb münasibətlərindəki gərginlik və münaqişə iki fərqli sosial-iqtisadi sistemin toqquşmasının nəticəsi deyil: "İndi belə bir ciddi fərq yoxdur. Rusiya Qərbin bir hissəsidir. Rusiyadakı sistem heç də kitablarda göstərilən kimi deyil, amma Avropanın özü də belə bir modeldən uzaqdır. Rusiya tarixən Avropanın bir hissəsi olub. Biz sevinməliyik ki, bu ölkədə kommunist faciəsi bitib. İndi Rusiyaya şans verilməlidir ki, o, yeni yolumu tapsın, beynəlxalq aləmsə aktiv rol oynaya bilsin".

Keçmiş prezimdentin sözlərinə görə, Ukraynadakı indiki vəziyyət Şərqi Avropa ölkələrindən fərqli olaraq kommunizmdən azadlığa, demokratiyaya, azad bazara keçiddə uğursuzluğa düçar olmanın nəticəsidir: "Çünki orada demokratiya süni şəkildə yaradılmışdı. Hərc-mərclik vardı. Əslində buna xarici qüvvələrin də təsiri vardı.

Ukraynanın Qərbə yoxsa Şərqə aid olmasına dair qərar qəbul etməsi onun gələcəyinə mütləq təsir edəcək. Belə bir seçim etmək onu dağıtmaq deməkdir. Bu münaqişə və faciələrə gətirib çıxaracaq. Hazırda bunum şahidi oluruq. Ukrayna kənar müdaxilələrdən uzaq olmalıdır. Siyasi kompromislə məsələyə həll yolu tapılmalıdır. Repressiya, hərbi müdaxilə kimi addımlardan uzaq durmaq lazımdır ".

Son xəbərlər

Orphus sistemi