Yuxarı

Latviya XİN başçısı: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"

Səfir Cavanşir Axundov etimadnamənin surətini Latviyanın xarici işlər nazirinə təqdim edib

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov etimadnamənin surətini bu ölkənin xarici işlər naziri Edqars Rinkeviçsə təqdim edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, rəsmi mərasimdən sonra Latviya XİN-in rəhbəri Azərbaycan səfirini bu vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edib və diplomatik missiyasının həyata keçirilməsində uğurlar arzulayıb.

Səfir Cavanşir Axundov aprelin əvvəllərində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələr haqqında Latviya XİN başçısına məlumat verib.

E.Rinkeviçs vurğulayıb ki, Latviyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyi dəyişməz olaraq qalır. Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində həllini dəstəkləyir.

Səfir C.Axundov Azərbaycanla Latviya arasında mədəni sahədə də əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb, Latviyada Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinin vacibliyini qeyd edib.

Latviya XİN-in rəhbəri E.Rinkeviçs Azərbaycan diasporunun fəallığını, onun ölkənin sosial-iqtisadi həyatında rolunu müsbət qiymətləndirib. 

C.Axundov qeyd edib ki, öz diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Latviya arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi üçün bütün səylərini səfərbər edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi