Bakı. 23 may. REPORT.AZ/ Latviyanın xarici işlər naziri Edqar Rinkeviç Avropa İttifaqının Azərbaycan və Ermənistanla assosiasiya sazişi barədə danışıqlara başlamağının zəruriliyini vurğulayıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, E.Rınkeviç bu barədə Aİ-yə üzv dövlətlərin XİN başçıları ilə "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə bildirib.
Latviya XİN başçısı Aİ-ni "Şərq Tərəfdaşlığı" ölkələrini fəal şəkildə dəstəkləməyə çağırıb. O qeyd edib ki, "Şərq Tərəfdaşlığı" ölkələrinin vətəndaşları Aİ ilə əməkdaşlıqdan praktiki fayda hiss etməlidir.
E.Rinkeviç Aİ-nin "Şərq Tərəfdaşlığı" ölkələri ilə azad ticarət zonası və vizasız rejim haqqında müqavilə bağlamalı olduğunu vurğulayıb. Nazir Aİ-ni bu ölkələrlə nəqliyyat, tranzit daşımaları, energetika, səhiyyə və IT-texnologiya sahəsində sıx əməkdaşlığa çağırıb.