Latviya XİN dövlət katibi: "Biz Azərbaycanı Aİ-nin ən mühüm tərəfdaşı kimi görürük" - MÜSAHİBƏ

Latviya XİN dövlət katibi: "Biz Azərbaycanı Aİ-nin ən mühüm tərəfdaşı kimi görürük" - MÜSAHİBƏ "Biz Azərbaycanın bütün tədbirlərdə, o cümlədən enerji ittifaqının yaradılması üzrə müzakirələrdə iştirakını gözləyirik"
Xarici siyasət
22 Yanvar , 2015 13:49
Latviya XİN dövlət katibi: Biz Azərbaycanı Aİ-nin ən mühüm tərəfdaşı kimi görürük - MÜSAHİBƏ

Bakı. 22 yanvar. REPORT.AZ/ "Report" informasiya agentliyinin Latviya Xarici İşlər Nazirliyinin dövlət katibi Andriys Pildeqoviçslə müsahibəsi.

- Bakıya səfərinizin yekunlarını necə qiymətləndirirsiniz və danışıqlar əsnasında hansı razılaşmalar əldə olunub?

- Bu səfər xüsusi kontekstə malikdir. Bu kontekst - Latviyanın Avropa İttifaqında yanvarın 1-də başlayan ilk sədrliyi ilə bağlıdır. Şübhəsiz ki, 6 aylıq xüsusi öhdəlik müddətində biz Aİ səviyyəsində gündəliyə Şərq Tərəfdaşlığı proqramını, ona yenidən baxılmasını, eləcə də proqramın ümumilikdə bizim bütün tərəfdaşlarımızın tələb və maraqlarına uyğunlaşması məsələsini daxil etmək istərdirk. Bu çərçivədə biz Azərbaycanı mühüm ikitərəfli tərəfdaş, eləcə də  Aİ-nin ən mühüm partnyoru qismində görürük.

Səfərimin məqsədi qarşıdakı 6 ay ərzində fəaliyyət qrafikini sinxronlaşdırmaqdır və bizim nazirliklər səviyyəsində müxtəlif görüşlərimiz olacaq. İlk belə tədbir gələn həftə Riqada keçiriləcək. Bu ədliyyə və daxili işlər nazirlərinin görüşü olacaq. Biz həmçinin ticarət nazirləri, rəqəmsal texnologiyalar sahəsi üzrə nazirlərinin görüşləri, kənd təsərrüfatı, biznes, səhiyyə ilə bağlı bir neçə tədbir keçiriləcək. Sədrlik dövrümüzün yekununda mayın sonunda Riqada Şərq Tərəfdaşlığı sammiti baş tutacaq. 

- Latviyanın Aİ-də sədrliyindən nə gözləyirsiniz?

- Əlbbəttə ki, ən mühüm məsələ Avropada iqtisadi inkişafın bərpasıdır. Son bir neçə il ərzində bizdə iqtisadi inkişaf çox zəif olub. Biz sabit və dinamik inkişafın ola biləcəyi sahələri nəzərdən keçiririk. Digər sahələrdən danışarkən, rəqəmsal sahələrə, eləcə də Avropa Enerji İttifaqının yaradılmasına böyük diqqət ayırırıq. Bu baxımdan biz Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirirk. Ümid edirik ki, müzakirə olunan bütün məsələləri yerinə yetirə biləcəyik. Sözsüz ki, daha çox qlobal problemləri həll etməyə çalışacağıq. Geniş kontekstə danışsaq, bu Avropanın bizim sədrliyimizin ilk günlərində üzləşdiyi  terror hücumları, belə təhlükələrin qarşısının alınması üçün konkret addımlardır. Biz sərnişinlərin adlarının qeydiyyatına (SAQ) dair ümumi Avropa qanunvericiliyini "tətbiq etməyə" təşəbbüs göstərəcəyik. Xarici  terror təşkilatlarına qarşı qanunvericiliyimizi necə sərtləşdirə biləcəyimizi müzakirə edəcəyik. Biz həmçinin imkanlarımız daxilində Ukraynada sülhün bərqərar olmasına yardım edəcəyik. Ötən həftə Latviyanın xarici işlər naziri Edqars Rınkeviçs Moskvaya və Kiyevə səfər edib və biz vəziyyətin yaxşılaşdırılması üçün istənilən imkandan, istənilən formatdan istifadə edəcəyik. 

- Təhlükəsizlik haqqında danışaraq, Latviya "Charlie Hebdo" jurnalının redaksiyasına hücumdan sonra Avropada təhlükəsizliyin gücləndirilməsi üçün hansı addımları atmaq niyyətindədir? Bundan əlavə, Aİ şenqen vizaların verilməsi prosedurunu sərtləşdirmək haqqında düşünülürmü, bu addım Azərbaycana nə dərəcədə təsir edəcək?

- Düşünürəm ki, daxili işlər nazirlərinin gələn həftə Riqada baş tutacaq toplantısı zamanı qarşıdakı həftələrdə atılacaq konkret addımlar müzakirə olunacaq. Mən SAQ sistemini, eləcə də xarici terror təşkilatlarına dair ümumi qanunvericiliyi qeyd etdim. Sözsüz ki, daha çox məlumat mübadiləsi aparmaq, praktik əməkdaşlığa yer vermək lazımdır. Bəzi ölkələr ümumi institutların yaradılması ideyasını təklif edib. Bütün bu məsələlər müzakirə olunacaq, lakin mən ümid edirəm ki, bu tədbirlər Azərbaycana qarşı müsbət dinamikaya zərbə vurmayacaq. Biz hesab edirik ki, vizaların sadələşdirilməsi ilə bağlı ötən il əldə olunan razılaşmalar işləyir və onlar çox yaxşı nəticələr verir. Əldə etdiyimiz məlumatlar əsasında, biz düşünürük ki, əməkdaşlığı davam etdirmək və qanunvericiliyimizi necə tənzimləyə biləcəyimizi, həmçinin, insanlar üçün bu məsələni hansı yolla sadələşdirə biləcəyimizi müzakirə etmək lazımdır.  

- Mayın sonlarında Riqada Şərq Tərəfdaşlığının növbəti sammiti keçiriləcək. Proqram iştirakçısı olan dövlətlərinin, o cümlədən Azərbaycan rəhbərliyinə dəvətlər göndərilib? 

- Texniki cəhətdən dəvətlər hələ göndərilməyib, lakin onlar yaxın zamanda çatdırılacaq. Biz ümidvarıq ki, Azərbaycan sammitdə ən yüksək səviyyədə təmsil olunacaq. Biz inanırıq ki, Azərbaycan Latviyanın sədrliyi ilə keçirilən bir sıra tədbirlərdə fəal iştirak edəcək. Fevralın ortalarında isə gənclər forumu keçiriləcək. Biz Azərbaycanın bütün tədbirlərdə, o cümlədən enerji ittifaqının yaradılması üzrə müzakirələrdə iştirakını gözləyirik.

- Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- Fevralın ortalarında Bakıda "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı görüşlərdən biri keçiriləcək və həmin görüşdə Avropa Komissiyasının nümayəndələri  iştirak edəcəklər. Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç Bakıya səfər edəcək. 

Biz həmçinin fevralın 5-6-da  Riqada keçiriləcək konfransda iştirak etmək üçün Azərbaycan nümayəndələrini dəvət etmişik. Həmin konfrans çərçivəsində biz enerji birliyi məsələlərini müzakirə edəcəyik. Əlbəttə ki, enerji birliyinin əsaslarından biri enerji ehtiyatları diversifikasiyasının təhlükəsizlik məsələləri üzrə müzakirələr olacaq. Sözsüz ki, bu kontekstdə Azərbaycan Avropanın mühüm tərəfdaşıdır. 

- Latviya Aİ-də sədrliyi müddətində Dağlıq Qarabağ və Aİ ilə sərhəddə yerləşən digər dondurulmuş münaqişələrin həllində necə kömək etmək niyyətindədir?  

- Qeyd etdiyim kimi, Latviya XİN rəhbəri bu yaxınlarda Kiyev və Moskvaya səfər edib. Şübhəsiz ki, bu səfərlər Avropa xarici siyasət rəhbəri Federika Mogerini ilə sıx əlaqədə həyata keçirilir. Biz bir komanda kimi işləyirik və hesab edirik ki, bu formatlar  Avropa çərçivəsində gücləndirilməlidir. Ukraynada münaqişənin diplomatik həllinə yönələn istənilən formatlar tətbiq olunmalıdır. 

Biz həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətini, Azərbaycan və Ermənistan dövlət başçıları və xarici işlər nazirlərinin yüksək səviyyəli müntəzəm görüşlərini dəstəkləyirik. Ümid edirik ki, bu görüşlər beynəlxalq hüquqa əsaslanan və bütün tərəflərin maraqlarına uyğun olan  sülh sazişi ilə yekunlaşacaq.  

Son xəbərlər

Orphus sistemi