Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə və “Heydər Əliyev İli” çərçivəsində Xose Marti adına Kuba Milli Kitabxanasında Azərbaycanın Kubadakı Səfirliyinin təşkilatçılığı ilə Ulu Öndərin həyat və yaradıcılığına həsr olunmuş “Heydər Əliyev 100: Ömürdən Anlar” adlı foto-sərginin açılış mərasimi keçirilib.
“Report” xəbər verir ki, tədbirdə Kuba Xarici İşlər Nazirliyinin, Mərkəzi Komitənin, diplomatik korpusun, KİV-in, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Kuba Milli Kitabxanasının direktoru Omar Valinyo öz çıxışında Ümummilli Lider Heydər Əliyevin xatirəsinin Kubada hörmətlə anıldığını və Azərbaycan tarixində önəmli yer tutan dahi şəxsiyyətin 100 illiyi ilə bağlı tədbirin məhz onun anadan olduğu gün Milli Kitabxanada keçirilməsindən qürur duyduğunu söyləyib.
Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev tədbir iştirakçılarına müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin həm Sovet İttifaqı dövründə, həm də müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi vaxtlarda ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafı, hərbi cəhətdən güclənməsi, həmçinin Azərbaycanın beynəlxalq səviyyədə nüfuzun artması və uğurlu xarici siyasətinin həyata keçirilməsi istiqamətində gördüyü əvəzsiz xidmətləri barədə məlumat verib.
Müasir Azərbaycan tarixinin Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən səfir, məhz Ümummilli Liderin müdrik siyasəti və banisi olduğu neft strategiyası sayəsində sonradan ölkəmizin iqtisadi inkişafına əhəmiyyətli dərəcədə təkan verən Azərbaycanın neft və qaz ehtiyatlarının dünya bazarlarına ixracının təmin olunduğunu qeyd edib.
R.Rzayev Heydər Əliyevin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Daha sonra iştirakçılar foto-sərgi ilə tanış olmağa dəvət edilib.
Qeyd edək ki, Milli Kitabxananı ziyarət edən insanların böyük marağına səbəb olan foto-sərgi mayın 17-nə qədər nümayiş olunacaq.





