Kreml Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası məsələsini şərh edib

Kreml Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası məsələsini şərh edib Peskov: "Danışıqlar aparılmır, lakin Lapşinin müdafiəsi üçün bütün mümkün hüquqi tədbirlər görülür"
Xarici siyasət
8 Fevral , 2017 13:47
Kreml Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası məsələsini şərh edib

Bakı. 8 fevral. REPORT.AZ/ Bakıya ekstradisiya edilmiş bloger Aleksandr Lapşin ilə bağlı Rusiya və Azərbaycan arasında danışıqlar aparılmır, lakin onun müdafiəsi üçün bütün mümkün hüquqi tədbirlər görülür.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Danışıqlar aparılmır, lakin Lapşinin müdafiəsi üçün bütün mümkün hüquqi tədbirlər görülür", - deyə D.Peskov vurğulayıb.

Xatırladaq ki, iki vətəndaşlığı (İsrayil və Rusiya) olan A.Lapşin dekabrın 14-də Belarusda Azərbaycan tərəfinin tələbi ilə saxlanılıb.

Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələnaçıq çağırışlar) və 318.2ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb. Onun barəsində dövlətlərarası axtarış elan edilmişdi.

Belarus hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər çərçivəsində A.Lapşin saxlanılıb. O, fevralın 7-də Azərbaycana ekstradisiya edilib.

Son xəbərlər

Orphus sistemi