Yuxarı

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Avstriyada 6-cı Yay Akademiyasında iştirak edib

Azərbaycan təmsilçisi builki Yay Akademiyası qrupunun rəhbəri seçilib

Bakı. 12 iyul. REPORT.AZ/ Avstriyanın Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında (IACA) 6-cı Yay Akademiyası (IACSA) keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 50-dən çox dövlətin nümayəndəsinin iştirak etdiyi tədbirdə Azərbaycanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Vüqar Əhmədli təmsil edib.

“Təcrübə elmlə qovuşur” mövzusunda keçirilən tədbirdə bir sıra mötəbər elm və araşdırma mərkəzlərinin professorları, habelə beynəlxalq təşkilatların və şirkətlərin rəhbər şəxsləri, ekspertləri transmilli cinayətkarlığın ən təhlükəli növü hesab edilən korrupsiyanın yaranma səbəbləri, onun qarşısının alınmasında innovativ mübarizə üsulları, qabaqlayıcı tədbirlər, bu sahədə qarşılıqlı beynəlxalq əməkdaşlığın rolu və digər mövzularda məruzələr söyləyib.

Əvvəlki illərdə olduğu kimi kurslarda tədbir iştirakçıları işçi qruplarına bölünməklə praktiki tapşırıqların həll olunmasında aktiv iştirak edib, hər qrup mövzu üzrə təqdimatlar keçirib, habelə interaktiv şəkildə keçirilən təlim zamanı tədbir iştirakçılarını maraqlandıran sualları ekspertlər cavablandırıb.

Azərbaycan təmsilçisi builki Yay Akademiyası qrupunun rəhbəri seçilib və müvafiq tapşırıqların həllində xüsusi fəallıq göstərdiyinə görə Akademiyanın mükafatı ilə təltif olunub.

Tədbirin sonunda iştirakçılara IACSA-nı müvəffəqiyyətlə bitirmələrinə dair sertifikatlar təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi