"Korrupsiya faktları Avropa Parlamentində qəbul olunan qərarların demokratik iradəsinin ifadəsi olmadığını bir daha göstərir".
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O, Qərbin özünü demokratiyanın beşiyi adlandıraraq digər dövlətləri korrupsiya əməlləri ilə günahlandırmasına toxunub: "Daxilindəki korrupsiya və rüşvət müqabilində müəyyən maraqlara xidmət etmək hərəkətlərinin ifşa olunması ilə Qərbin heç də göründüyü kimi olmadığı sübut edildi. Belə ki, Avropa Parlamentinin sədr müavini, yunan siyasətçi Eva Kayli cümə günü Brüsseldə mümkün korrupsiya ilə bağlı araşdırma çərçivəsində saxlanılıb. Bundan əvvəl də Avropa Parlamentində korrupsiya iddialarının araşdırılması ilə əlaqədar Brüsseldə 4 həbs və 14 axtarış aparıldığı deyilir. O cümlədən 2015 və 2022-ci ilin əvvəlində ABŞ-da ermənipərəst senator Robert Menendesin barəsində də korrupsiya və rüşvət əməllərinə görə araşdırma aparılıb. Amerika Erməni Milli Komitəsi Menendesin erməni lobbisinə xidmətini, həmçinin Türkiyəyə və Azərbaycana qarşı “layiqli” işini yüksək qiymətləndirib".

Deputat bildirib ki, Fransa deputatları da korrupsiya və rüşvətxorluğun girdabındadırlar: "Fransa deputatları erməni lobbisindən aldığı rüşvətlərin hesabına Azərbaycana qarşı qətnamələr qəbul edib. Ermənilər hər yerdə lobbinin pulları hesabına özlərinə dəstək qazanmağa çalışırlar. Yoxsa Fransa deputatları Azərbayacana qarşı bilərəkdən ədalətsiz mövqe sərgiləməzdi. Hətta Fransanın keçmiş Prezidenti Nikola Sakozinin seçkilərdə qalib gəlmək üçün Müəmmar Qəddafidən 50 milyon avro aldığı məlum olmuşdu".
"Fransanın keçmiş Baş naziri Pierre Beregovoy milyonlarla dollar vəsaitin mənimsənilməsində ittiham olunurdu. Bu gün ermənilərə dayaq durmuş Prezident Emmanuel Makronun da rüşvət və korrupsiya əməlləri gələcəkdə məlum olacaq. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Qərb özünü nə qədər təmiz göstərib digərlərinə dərs keçmək istəsə də, özlərinin üzə çıxdığı əməlləri ilə korrupsiya və rüşvətxorluq içində çabalandığını sübut etmiş olur", - A.Badamov vurğulayıb.