Yuxarı

Koreya baş naziri Azərbaycan Xalça Muzeyində olub

Muzey qonaqda zəngin təəssürat yaradıb

Bakı. 28 noyabr. REPORT.AZ / Bu gün Koreya Respublikasının baş naziri Çanq Honqvonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Xalça Muzeyində olub.

"Report"un məlumatına görə, baş nazirə məlumat verilib ki, muzeyin ekspozisiyası xalça sənətində əsas bədii istiqamətləri dəqiq əks etdirməklə xalçaların özünəməxsus xüsusiyyətlərini, həmçinin materiallarını, işləmə texnikalarını, incə və dərin bədii xüsusiyyətləri ilə ahəngdarlığını aydın şəkildə göstərir.

Diqqətə çatdırılıb ki, muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Onlar bütün kompozisiyaları ilə Azərbaycanın 7 əsas məktəbini - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça məktəblərini təmsil edir. Bu xalçalar insanların, heyvanların, quşların üslublaşdırılmış təsviri, bitkilərin ornamentləri, xalqın həyatını təsvir edən süjetli motivlərlə bəzədilib.

Qeyd olunub ki, muzeyin kolleksiyası müxtəlif növ xovsuz xalçaların nadir nümunələrini də əks etdirir.

Bildirilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində 2010-cu ildə milli xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınıb. Noyabrın 16-sı isə ölkəmizdə Azərbaycan xalçası günüdür.

Muzeydə quraşdırılmış xüsusi monitor Azərbaycan xalçalarının dünya kolleksiyalarında, Avropa rəssamlarının əsərlərində əks olunduğunu göstərir. Burada, həmçinin Böyük Britaniyanın Viktoriya və Albert Muzeyində saxlanılan məşhur “Şeyx Səfi” xalçasının surəti də var. Ekspozisiyada sərgilənən və saxlanclarda yerləşən xalçalar arasında XVII, XVIII, XIX və XX əsrlərdə toxunmuş məşhur kompozisiyalara da rast gəlmək mümkündür.

Muzeyin sərgi konsepsiyası adi sərgilərdən fərqlənir. Əsas eksponatlar - xalçalar qövsşəkilli divarlardan asılır. Bunların da əksi bütün yuxarı mərtəbələrin əksər yerlərindən görünür. Bunun sayəsində sərginin böyük hissəsini müxtəlif rakurslardan görmək olur. Muzeyin terrasında - açıq səma altında sərgilərin təşkili mümkündür.

Azərbaycan Xalça Muzeyi Koreya Respublikasının baş nazirində zəngin təəssürat yaradıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi