"Kommersant": "Azərbaycan Cənubi Qafqazın ən sabit dövlətidir"

"Kommersant": "Azərbaycan Cənubi Qafqazın ən sabit dövlətidir" "Azərbaycan regionda xarici investorlar üçün cəzbedici olan ən güclü iqtisadiyyata malikdir"
Xarici siyasət
19 Avqust , 2015 11:41
Kommersant: Azərbaycan Cənubi Qafqazın ən sabit dövlətidir

Bakı. 19 avqust. REPORT.AZ/ "Azərbaycan Cənubi Qafqazın ən sabit dövlətidir, Ermənistan isə region ölkələri arasında ən böyük siyasi risklərlə üzləşir". 

"Report" "Kommersant" ("Коммерсантъ") nəşrinə istinadən xəbər verir ki, bu nəticələr "Minchenko Consulting" kommunikasiya holdinqi tərəfindən hazırlanan "Qafqaz regionunda siyasi risklərin qiymətləndirilməsi" məruzəsindən irəli gəlir. 

Məruzədə Cənubi Qafqazın 3 ölkəsindəki vəziyyət ətraflı şəkildə qiymətləndirilib. Ən sabit dövlət kimi Azərbaycan qeyd olunub:  "Azərbaycan regionda xarici investorlar üçün cəzbedici olan ən güclü iqtisadiyyata malikdir". "Qaz yataqlarının işlənməsi neft ehtiyatlarının tədricən tükənməsi nəticəsində gəlirlərin azalmasını qismən ödəyir. Bakının əsas üstünlüyü - onun çoxvektorlu xarici siyasəti və ABŞ, Avropa İttifaqı, Rusiya, Türkiyə, İran, İsrail və Ərəb ölkələrinin maraqları arasında tarazlığı saxlaya bilmək bacarığıdır", - nəşrdə qeyd olunub. 

"Minchenko Consulting" holdinqinin məruzəsindən göründüyü kimi, ən böyük risklər 2015-ci ildə kütləvi etiraz aksiyaları ilə üzləşən Ermənistanda müşahidə olunub. Nümayişlər və iğtişaşlara ölkənin İctimai Xidmətlərin Tənzimləməsi üzrə Komissiyanın elektrik enerjisi qiymətlərinin qaldırılmasına dair qərarı səbəb olub. "Bununla belə, tarif problemi - böyük risklərin olduğu ümumi daxili və xarici siyasi kontekstlərin yalnız bir hissəsidir", - sənəddə deyilir.

Ölkənin dörd dövlət sərhədlərindən ikisi (Türkiyə və Azərbaycan ilə) bağlıdır. Qalan ikisi - Gürcüstan və İranla sərhədləri Rusiya-Gürcüstan münasibətlərinin, eləcə də Rusiya və Qərb, İran və ABŞ arasında münasibətlərin mübahisəli konteksti ilə sıx əlaqəlidir. Bunların hamısı ölkəyə cəlb oluna biləcək iri miqyaslı investisiyaların önündə böyük maneələr yaradır, Dağlıq Qarabağ münaqişəsinin yenidən aktivləşməsi təhlükəsi yaradır, yoxsulluğa gətirib çıxarır", - məruzədə qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi