Yuxarı
    Bağlamaq

    Komitə sədri: "Miqrantlara həssas yanaşmaq lazımdır"

    Qərbdə miqrantlara qarşı çox aqressiv münasibət sərgilənir

    Bakı. 21 noyabr. REPORT.AZ/ Miqrantlara həssas yanaşmaq, onlara insan hüquqları prizmasından münasibət göstərmək lazımdır.

    "Report" xəbər verir ki, bunu Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələrin Sosial Siyasət Komitələri rəhbərlərinin 2-ci toplantısında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.

    O deyib ki, miqrasiya dünyada inteqrasiyanın inkişafına müsbət təsir edirsə, eyni zamanda dövlətlərin müəyyən problemlərlə də qarşılaşmasına səbəb olur: "Ona görə də hər bir dövlət bu problemin həlli istiqamətində öz addımlarını atmağa, müvafiq qərarlarını verməyə çalışırlar".

    R.Aslanova qeyd edib ki, Azərbaycana gələn miqrantların sayı ildən-ilə artır: "Çünki Azərbaycan miqrantlar üçün cəzbedici və cəlbedici ölkədir. Çünki Azərbaycanda böyük inkişaf, iqtisadi artım yaşanır və bu da Azərbaycanı miqrantlar üçün cəzbedici edir. Təsadüfi də deyil ki, MDB məkanında ilk dəfə məhz Azərbaycanda Miqrasiya Məcəlləsi qəbul olundu".

    Komitə sədri həmçinin Qərbdə miqrantlara qarşı çox aqressiv münasibət sərgiləndiyini qeyd edib: "Avropanın qorxduğu odur ki, miqrantlar onların uzun illər formalaşdırdıqları, yaratdıqları avropalı, qərbli simasını dəyişəcək. Bununla bağlı da bəzi Avropa, Qərb ölkələrində miqrantlara qarşı qadağalar siyasəti həyata keçirilməyə başlandı. Ancaq Avropada miqrantlara böyük ehtiyac olduğu da göz önündədir, onlar miqrantlarsız keçinə bilməyəcəklər".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi